Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
12 Sentyabr, 2014 16:43 1360

"ADEX-2014" sərgisi çərçivəsində "Müasir müharibə metodları və təhlükəsizlik çağırışları" mövzusunda konfrans keçirildi

Sentyabrın 12-də “Jumeirah Bilgah Beach” otelində “Müasir müharibə metodları və təhlükəsizlik çağırışları” mövzusunda konfrans keçirildi. 

Birinci Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi “ADEX -2014” Sərgisi çərçivəsində keçirilən konfransda yerli və beynəlxalq mütəxəssislər, hərbi ekspertlər, eləcə də dövlət strukturlarının və şirkətlərin nümayəndələri iştirak edirdilər.

Müasir hərbi-texniki siyasət üzrə aktual məsələlərin müzakirə olunduğu konfransda müdafiə sənayesi naziri Yavər Camalov çıxış edərək Azərbaycanın son illər beynəlxalq aləmdə qazandığı uğurlardan söhbət açdı. Bildirdi ki, bu uğurlar onu deməyə əsas verir ki, artıq Azərbaycan bütün sahələrdə davamlı inkişafa nail olub. Bakıda keçirilən beynəlxalq sərgidə dünyanın 34 ölkəsindən 200-dən çox şirkət və rəsmi heyət iştirak edir. Sərgidə xeyli sayda ölkənin şirkət və özəl qurumlarının iştirak etməsi onu göstərir ki, 2005-ci ildən fəaliyyət göstərən Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi qısa müddətdə hərbi-texniki əməkdaşlıq sahəsində böyük uğurlar qazanıb. Hazırda dünyanın 34 ölkəsinin hərbi-sənaye kompleksi və digər aidiyyəti qurumları ilə uğurlu əməkdaşlıq əlaqələri yaratmağa nail olunub.

Nazir sərginin keçirildiyi müddətdə tərəfdaşların sayının daha da artacağına ümidvar olduğunu bildirdi.

Yavər Camalov diqqətə çatdırdı ki, ümummilli lider Heydər Əliyevin qurduğu müasir Azərbaycan Respublikası müstəqilliyini əldə etdiyi illərdən bu günədək uğurlu inkişaf yolu keçib. Xüsusilə son dövrlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində respublikada siyasi, iqtisadi və hərbi sahədə böyük uğurlar əldə edilib. 2005-ci ildə Müdafiə Sənayesi Nazirliyinin yaradılması və ölkədə bu sahədə fəaliyyət göstərən dövlət müəssisələrinin nazirliyə tabe edilməsi Azərbaycanda müdafiə sənayesinin inkişafına böyük təkan verib. Ötən müddətdə yeni və müasir istehsal sahələri yaradılaraq davamlı inkişafa nail olunub. Eyni zamanda, hərbi-texniki əməkdaşlıq sahəsinə də xüsusi diqqət yetirməklə müxtəlif beynəlxalq şirkətlərlə uğurlu əməkdaşlıq əlaqələri yaradılıb.

Nazir xüsusilə vurğuladı ki, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal olunub, bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Respublikanın müharibə şəraitində olması nəzərə alınaraq Azərbaycanın müdafiə qüdrətinin möhkəmləndirilməsi məqsədilə həyata keçirilən mühüm tədbirlərdən biri məhz Müdafiə Sənayesi Nazirliyinin yaradılması olub. Nazirliyin tabeliyinə verilmiş müdafiə sənayesi müəssisələrinin yenidən qurulması istiqamətində əməli işlər görülüb.

“ADEX -2014” sərgisinin dünyada sülhə və əməkdaşlığa xidmət edəcəyini deyən Yavər Camalov bildirdi ki, 2016-cı ildə ikinci Azərbaycan Beynəlxalq müdafiə sənayesi sərgisi keçiriləcəkdir.

Nazir konfrans iştirakçılarını keçiriləcək növbəti sərgiyə dəvət etdi.

Konfransda çıxış edən Türkiyənin Milli Müdafiə Nazirliyinin müdafiə sənayesi müşaviri İsmail Dəmir bildirdi ki, Türkiyə ilə Azərbaycan arasında əlaqələr yüksək səviyyədədir.

Onun sözlərinə görə, “soyuq müharibə”dən sonra ölkələr müasir silah-sursatdan ibarət hərbi komplekslərini yaratmağa, hər bir ölkə müstəqil şəkildə müdafiə sənayesini formalaşdırmağa çalışır. Çünki çətin, həlledici anlarda ölkələr bir-birilərinə inana bilmirlər. Müdafiə sənayesi güclü olmayan ölkələr isə böhran anlarında ciddi çətinliklərlə üzləşəcəklər.

İsmail Dəmir qeyd etdi ki, Türkiyədə hava qüvvələri, donanma, quru qoşunları sahəsində daha çox inkişaf platformaları yaradılıb, yeni məhsullar istehsal edilir, həmçinin elmi-tədqiqat sahələri inkişaf edir.

Türkiyənin müdafiə sənayesi məhsulları istehsal edən “MKEK” şirkətinin baş direktoru İzzet Artunc isə qeyd etdi  ki, Azərbaycan müdafiə sənayesinin inkişafında əsas imkanlara malikdir. Müdafiə sənayesinin inkişafında əsas məsələ siyasi iradə, maliyyə gücü ilə bağlıdır və qardaş Azərbaycan dövləti bütün bunlara malikdir.

O vurğuladı ki, “soyuq müharibə”dən sonra müharibə aparmaq konsepsiyaları dəyişib, informasiya müharibəsi başlayıb. İnformasiya texnologiyaları, məlumatın təhlili, silahların nəzarət altında saxlanılması üsulları inkişaf edib.

Sonra Yeni Amerika Təhlükəsizlik Mərkəzinin prezidenti Richard Fontainenin, müdafiə sənayesi nazirinin müavini Yəhya Musayevin və “Paramount Group” şirkətinin icraçı direktoru İvor İçikovitzin mövzu ilə bağlı məruzələri dinlənildi.

Məruzələr ətrafında fikir mübadiləsi aparılıdı, dünyada baş verən münaqişələrdən və təhlükəsizlik məsələlərindən söz açıldı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinin zəruriliyi qeyd olundu.

Konfransda Müdafiə Sənayesi Nazirliyinin fəaliyyətini əks etdirən film nümayiş etdirildi.

Sonra tədbirə qatılan yerli və xarici kütləvi informasiya vasitələri nümayəndələrinin və iştirakçıların sualları cavablandırıldı.