Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
06 İyun, 2022 18:30 128

6 iyun şəhid Ağaəmi Heybətovun doğum günüdür

Bu gün İkinci Qarabağ müharibəsi şəhidi, Müdafiə Sənayesi Nazirliyinin əməkdaşı Ağaəmi Heybətovun doğum günüdür. Şəhidin anadan olmasının 29-cu ildönümündə Nazirliyin müəssisəsində çalışan əməkdaşlar və Ağaəmi Heybətovun ailə üzvləri Buzovna qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında şəhidin məzarını ziyarət edərək, önünə gül dəstələri düzüblər. Müəssisədə davam edən anım mərasimində şəhidin adına ehsan süfrəsi açılıb, keçdiyi döyüş yolundan danışılıb, onun göstərdiyi xidmətlərdən və şücaətlərdən bəhs edilib. Sonda müəssisə kollektivi Qarabağ şəhidlərinin abidəsi önünə gül dəstələri düzüblər.

Ağaəmi Heybətov 1993-cü il iyunun 6-da Buzovna qəsəbəsində anadan olub. 2020-ci ilin 29 sentyabrında İkinci Qarabağ Müharibəsi başladıqdan sonra hərbi xidmətə yola salınıb. 2020-ci il oktyabrın 16-da Vətənimizin ərazi bütövlüyü uğrunda Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Heybətov Ağaəmi oktyabrın 25-də Buzovna qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn edilib.

Heybətov Ağaəmi Elçin oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamlarına əsasən göstərdiyi şücaətə görə "Vətən uğrunda", “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

Allah şəhidimizə rəhmət eləsin!