Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
13 Aprel, 2023 09:00 569

“Heydər Əliyevin Azərbaycanın müdafiə sənayesinin inkişafında rolu” mövzusunda tədbir keçirilib

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə bağlı Müdafiə Sənayesi Nazirliyində silsilə tədbirlər davam etdirilir.

Ulu Öndərin zəngin irsinin daha dərindən öyrənilməsi və təbliği məqsədilə Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən müəssisələrinin birində “Heydər Əliyevin Azərbaycanın müdafiə sənayesinin inkişafında rolu” mövzusunda tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin büstü önünə tər güllər düzüb, dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad ediblər. Daha sonra Nazirliyin müəssisəsində fəaliyyət göstərən Heydər Əliyev muzeyində Ulu Öndərin zəngin irsini əks etdirən fotostendlərlə tanış olublar.

Akt zalında davam edən tədbirdə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və dövlət himni səsləndirilib.

Tədbirdə Müdafiə Sənayesi Nazirliyinin məsul əməkdaşları və Vətən Müharibəsi iştirakçıları çıxış ediblər. Natiqlər dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin və dövlətçiliyinin qorunması, respublikanın inkişafı naminə göstərdiyi misilsiz xidmətlər barədə danışıblar.

Diqqətə çatdırılıb ki, dahi şəxsiyyət, xalqımızın xilaskarı Heydər Əliyevin birinci dəfə Azərbaycana rəhbərlik etdiyi dövrdə respublika iqtisadiyyatının digər sahələri ilə yanaşı, müdafiə sənayesi sahəsində də əvəzsiz işlər görülüb. Siyasi, inzibati və ideoloji əngəllərə baxmayaraq, bu gün Müdafiə Sənayesi Nazirliyinin əsasını təşkil edən və ölkəmizin müxtəlif şəhərlərində yerləşən spesifik təyinatlı müəssisələrin yaradılmasına nail olunub. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuzun təminatında yerli istehsalın genişləndirilməsini təmin etmək məqsədilə ölkəmizin hərbi sənayesində həyata keçirilən işlər sayəsində Azərbaycan silahının dünyada nüfuzu günbəgün yüksəlir.

Tədbirin sonunda Azərbaycanın müdafiə sənayesinin təşəkkülünə və inkişaf mərhələlərinə həsr edilmiş “Atəşdən yoğrulanlar” sənədli filmi nümayiş olunub.