Əsas səhifə \ Növbəti "ADEX-2026” və “Securex Caspian” sərgiləri...

Növbəti "ADEX-2026” və “Securex Caspian” sərgilərinin tarixi bəlli oldu

30 sentyabr-2 oktyabr 2026-cı il tarixlərində Bakı şəhərində növbəti “ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə və “Securex Caspian 2026” 15-ci Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə sərgiləri keçiriləcək.

Sərgilərdə müdafiə sənayesi, daxili təhlükəsizlik və fövqəladə hallarla bağlı ən son texnologiyalar, silah sistemləri, pilotsuz uçuş aparatları, zirehli texnika, müşahidə vasitələri, şəxsi mühafizə vasitələri, xilasetmə avadanlıqları və digər innovativ həllər nümayiş olunacaq. 

Sözügedən sərgilər müdafiə və təhlükəsizlik sahəsində texnoloji yeniliklərin geniş vüsət aldığı bir dövrdə dünyanın tanınmış müdafiə şirkətlərini bir araya gətirərək ən müasir texnologiyalar və know-how, müasir silah və sursatın geniş çeşidini nümayiş etdirmək baxımından əhəmiyyətli beynəlxalq tədbirlər sırasında öz layiqli yerini tutmuşdur. 

Hər iki sərgi milli müdafiə sənayesinin nailiyyətlərini nümayiş etdirərək, iştirakçılar, ekspertlər və ziyarətçilərə yeni məhsullar və texnologiyalarla tanış olmaq üçün geniş imkanlar yaradacaq. Tədbir bilik, təcrübə mübadiləsinin aparılması, müttəfiq və dost ölkələrlə hərbi-texniki əməkdaşlığın gücləndirilməsi üçün səmərəli işgüzar əlaqələrin qurulması, potensial müştərilərlə və təchizatçılarla qarşılıqlı sərfəli müqavilələrin bağlanması istiqamətində öz ənənəsinə sadiq qalacaq.

“ADEX” və “Securex Caspian” sərgiləri ölkəmizdə və xaricdə təhlükəsizlik və xilasetmə sahəsində fəaliyyət göstərən ən aparıcı təşkilat və istehsalçıları bir araya gətirərərək regionda növbəti dəfə bu sahədə əhəmiyyətli tədbirə çevriləcək. Sərgi ərəfəsində nümayiş etdiriləcək avadanlıq və texnologiyalar, təcrübə mübadiləsi bütün iştirakçılar ilə yeni işgüzar əlaqələrin qurulmasında və əməkdaşlıq imkanlarının yaradılmasında, eləcə də regionda təhlükəsizlik və sabitliyin təmin olunmasında öz əvəzsiz töhfəsini verəcək.

Oxşar yazılar