Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
27 Fevral, 2024 14:58 461

Vüqar Mustafayev Tacikistanın ölkəmizdəki səfirini qəbul edib

Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev fevralın 27-si  Tacikistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İlxom Abduraxmonu qəbul edib.

Qonağı salamlayan V.Mustafayev Azərbaycan və Tacikistan hökumətləri arasında qarşılıqlı hörmət və etimadın mövcudluğunu, siyasi-iqtisadi və digər sahələrdə əməkdaşlığın yüksək səviyyədə inkişaf etdiyini qeyd edib.

Nazir müdafiə sənayesi sahəsində çalışan mütəxəssislərin qarşılıqlı səfərlərinin təşkilinin önəmini vurğulayıb.

Səmimi qəbula görə V.Mustafayevə minnətdarlığını ifadə edən İlxom Abduraxmon ölkələrimiz arasında əlaqələrin gələcəkdə daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

Səfir vurğulayıb ki, 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Tacikistana rəsmi səfəri zamanı bir sıra beynəlxalq sənədlərin imzalanması iki ölkə arasında münasibətlərin ən yüksək həddə olduğunun bariz nümunəsidir.

Qeyd edilib ki, Tacikistanın hərbi sənaye kompleksinə daxil olan şirkətlər ilə Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin müəssisələri arasında hərbi-texniki sahədə əməkdaşlığın genişləndirilməsi əsas prioritet istiqamətlərdən biridir.

Görüş zamanı iki ölkə arasında müdafiə sənayesi sahəsində əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.