Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
28 İyul, 2025 17:29 1445

Tələbələr üçün növbəti infotur təşkil edilib

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin (MSN) yaradılmasının 20 illik yubileyi ilə əlaqədar keçirilən tədbirlər çərçivəsində Milli Aviasiya Akademiyasının tələbələri üçün MSN-in müəssisələrindən birinə növbəti infotur təşkil edilib.

İnfotur zamanı onlara Azərbaycanın müdafiə sənayesinin inkişafı haqqında ətrafı məlumat verilib. Bildirilib ki, müdafiə sənayesi dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi daim diqqət mərkəzində saxlanılır. Möhtərəm Prezident cənab İlham Əliyevin bu sahəyə göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində müdafiə sənayesi üzrə fəaliyyət göstərən müəssisələrin sayı artırılmış, texnoloji imkanları genişləndirilmiş, yüksək keyfiyyətli və rəqabətqabiliyyətli məhsulların istehsalı təmin olunmuşdur.

İştirakçılar ictimaiyyətə açıq olan məlumatlar əsasında istehsalat prosesi, müasir texnoloji imkanlar və müdafiə təyinatlı avadanlıqlar, həmçinin Azərbaycan istehsalı olan hərbi məhsulların Vətən müharibəsindəki uğurlu tətbiqi, döyüş şəraitində yüksək effektivlik göstərməsi barədə məlumatlandırılıblar.

Sonda tələbələr bu cür təşəbbüslərin onların biliklərini artırmaq və hərbi-sənaye sahəsinə marağını gücləndirmək baxımından çox faydalı olduğunu qeyd edib, təşkil edilən infotura görə MSN rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.