Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
27 Noyabr, 2023 17:29 523

Müdafiə sənayesi naziri Vüqar Mustafayev Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki səfirini qəbul edib

Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev noyabrın 27-də Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Essam Bin Saleh Algetaleni qəbul edib.

Öncə səfiri yeni təyinatı münasibətilə təbrik edən Vüqar Mustafayev müdafiə sənayesi sahəsində iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsinin prioritet istiqamətlərdən biri olduğunu diqqətə çatdırıb.

O, həmçinin qarşılıqlı səfərlərin təşkilinin əhəmiyyətini vurğulayıb.

V. Mustafayev 4-8 fevral 2024-cü il tarixlərində Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində keçiriləcək Beynəlxalq “World Defence Show” Müdafiə Sənayesi Sərgisində Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin milli pavilyonla iştirak edəcəyini səfirin diqqətinə çatdırıb. Eyni zamanda o, 24-26 sentyabr 2024-cü il tarixlərində 5-ci dəfə keçiriləcək “ADEX 2024” Beynəlxalq Müdafiə Sərgisində Səudiyyə Ərəbistanı Krallığının şirkətlərini stendlə iştirak etməyə dəvət edib.

Səmimi qəbula görə minnətdarlığını ifadə edən səfir Essam Bin Saleh Algetale Vüqar Mustafayevi nazir təyin olunması münasibətilə təbrik edib və ona xidməti fəaliyyətində uğurlar arzulayıb.

Səfir Səudiyyə Ərəbistanı Krallığının hərbi sənaye kompleksi ilə Müdafiə Sənayesi Nazirliyi arasında hərbi texniki sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb, perspektiv imkanlardan danışıb.