Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
05 İyun, 2025 09:00 396

MSN-də "İnsan Hüquqları Aylığı" ilə əlaqədar maarifləndirici tədbir keçirilib

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) tərəfindən elan olunan "İnsan Hüquqları Aylığı" ilə əlaqədar iyunun 4-də Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin inzibati binasında “Fərdi məlumatların mühafizəsi” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə məlumat verilib ki, Ulu Öndər Heydər Əliyevin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə ilk dəfə "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı" təsdiq edilib. Bu mühüm təşəbbüsün davamı olaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə 18 iyun ölkəmizdə İnsan hüquqları günü kimi qeyd edilir.

Bildirilib ki, insan hüquqları sahəsində ən aktual məsələlərdən biri olan “Fərdi məlumatların qorunması” mövzusu müasir dövrdə hər bir vətəndaşın hüquq və azadlıqlarının təminatında mühüm əhəmiyyət kəsb edir. Bu sahədə atılan addımlar ölkəmizdə insan hüquqlarına verilən önəmin bariz nümunəsidir.

Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanda hüquqi dövlət quruculuğu istiqamətində mühüm islahatlar həyata keçirilib. Ulu Öndərin təşəbbüsü ilə insan hüquq və azadlıqlarının qorunması sahəsində beynəlxalq standartlara uyğun qanunvericilik bazası yaradılıb. Bu siyasət möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 2009-cu ildə Azərbaycan Respublikası Avropa Şurasının “Fərdi məlumatların avtomatlaşdırılmış qaydada işlənməsi ilə əlaqədar şəxslərin qorunması haqqında” Konvensiyasını ratifikasiya edib. Bu addım ölkəmizin fərdi məlumatların qorunması sahəsində beynəlxalq öhdəliklərə sadiqliyini və vətəndaşların şəxsi məlumatlarının təhlükəsizliyinə verdiyi önəmi göstərir. 2010-cu ildə isə Azərbaycanda “Fərdi məlumatlar haqqında” Qanun qəbul edilib. Qanunun məqsədi insan hüquqlarını, azadlıqlarını, o cümlədən şəxsi və ailə həyatının sirrini saxlamaq hüququnu müdafiə etməkdən ibarətdir. Bu qanuna görə, şəxsi məlumatlar yalnız subyektin razılığı ilə toplanmalı, gizli saxlanmalı və üçüncü şəxslərə ötürülməməlidir. Elə həmin ildə də “Fərdi məlumatların mühafizəsinə dair” Tələblər təsdiq edilib.

Tədbir zamanı fərdi məlumatların mühafizəsi ilə bağlı subyektlərin öhdəlikləri izah edilərək fərdi məlumatların mühafizəsi metodları, eyni zamanda bu sahədə qanunvericiliyin pozulması halında nəzərdə tutulan məsuliyyət haqqında geniş məlumat verilib.