Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
03 İyun, 2022 17:46 152

4 iyun şəhid Nicat Hüseynovun doğum günüdür

Müdafiə Sənayesi Nazirliyinin əməkdaşı, İkinci Qarabağ müharibəsi şəhidi Nicat Hüseynovun anadan olmasının 25-ci il dönümü qeyd edilib. Bu münasibətlə Nazirliyin müəssisəsində çalışan əməkdaşlar və Nicat Hüseynovun doğmaları Şirvan şəhər Şəhidlər Xiyabanında şəhidin məzarını ziyarət edərək, önünə gül dəstələri düzüblər. Gənclər Evində davam etdirilən tədbirdə Vətənimizin bütövlüyü və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Nicat Hüseynov 1997-ci il iyun ayının 4-də Şirvan şəhərində anadan olub. İkinci Qarabağ Müharibəsi zamanı Füzuli rayonunun Qaraxanbəyli kəndi uğrunda gedən döyüşlərdə xüsusi qəhrəmanlıq göstərərək ağır döyüş şəraitində 15 yaralı əsgəri neytral zonadan təkbaşına çıxaran Nicat Hüseynov 16-cı yaralı döyüş yoldaşını xilas edərkən oktyabrın 7-də qəhrəmancasına şəhid olub. Nicat Hüseynovun nəşi şəhid olduğu ərazidən 3 günə təxliyə edilib və doğulduğu Şirvan şəhərinə yola salınıb. O, oktyabrın 11-də Şirvan şəhər Şəhidlər Xiyabanında dəfn edilib.

Hüseynov Nicat Ziyafət oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə "Vətən uğrunda", “Füzulinin azad olunmasına görə”, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilib.

Allah qəhrəman şəhidimizə rəhmət eləsin!