Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi

“ADEX-2018” üçüncü Beynəlxalq müdafiə sərgisi başa çatdı

27.09.2018

Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycanda keçirilən “ADEX-2018” üçüncü Beynəlxalq müdafiə sərgisi sentyabrın 27-də öz işini başa çatdırdı.

Üç gün davam edən sərgidə Türkiyə, Fransa, İsrail, Rusiya, Belarus, Pakistan, Çin və sair dövlətlər daxil olmaqla dünyanın 29 ölkəsindən 224 şirkət iştirak edirdi. İştirak edən dövlətlərdən 11 ölkə - Azərbaycan, Türkiyə, Rusiya, Fransa, Belarus, Çin, Pakistan, İsrail, İran, Ukrayna və Serbiya milli pavilyonları ilə təmsil olunurdular.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərgi iştirakçılarına təbrik məktubu ünvanlaması və sərgidə şəxsən iştirak etməsi “ADEX-2018” sərgisinin əhəmiyyətini daha da artırdı. Ölkə başçısı bildirdi ki, “ADEX” sərgisi dünyanın tanınmış hərbi sənaye müəssisələrini, nüfuzlu xarici şirkət və təşkilatları, o cümlədən rəsmi nümayəndə heyətlərini və mütəxəssisləri eyni məkanda toplayaraq işgüzar əlaqələrin qurulması və yeni müqavilələrin imzalanması üçün səmərəli platformaya çevrilib.

Dövlət başçısı ziyarət zamanı Müdafiə Sənayesi Nazirliyinin stendində oldu və nümayiş etdirilən məmulatlarla yaxından tanış oldu.

Sərgini Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov, müdafiə naziri Zakir Həsənov və digər qurumların rəhbərləri də ziyarət etdilər. Dövlət rəsmiləri nümayiş etdirilən yerli məmulatları böyük maraqla izlədilər.

“ADEX-2018” sərgisində Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan məmulatlardan - 7,62 millimetrlik AZ-50 tipli avtomat, 7,62x54 millimetrlik HP-7,62 tipli hücum pulemyotu, 8,6x70 millimetrlik "Vaşaq" snayper tüfəngi, 12,7x108 millimetrlik "Mübariz" snayper tüfəngi, 12,7x108 millimetrlik ST-12,7 tipli iriçaplı snayper tüfəngi, 23x115 millimetrlik İST-23 tipli iriçaplı snayper tüfəngi, 14,5x114 millimetrlik NST-14,5 tipli iriçaplı snayper tüfəngi, 12,7 millimetrlik iriçaplı NSVT-12,7 tipli pulemyotlu məsafədən idarə olunan döyüş modulu ilk dəfə idi ki, nümayiş etdirilirdi. Nümayiş etdirilən məmulatlardan AZ-50 tipli avtomat, HP-7,62 tipli hücum pulemyotu, ST-12,7 tipli iriçaplı snayper tüfəngi, İST-23 tipli iriçaplı snayper tüfəngi və digər məmulatlar iştirakçılar və ziyarətçilər tərəfindən böyük maraqla qarşılandı.

Sərgi çərçivəsində müdafiə sənayesi nazirinin müavini Yəhya Musayevin sərgiyə qatılan ölkələrdən Türkiyə, Rusiya, Belarus, Ukrayna, İran, Özbəkistan, Serbiya, Sudan və digər ölkələrin rəsmi nümayəndə heyətləri, şirkət rəhbərləri ilə görüşləri oldu. İkitərəfli görüşlərdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş müzakirələr aparıldı. Eyni zamanda, nazirliyin aidiyyəti qurum rəhbərlərinin də bir sıra görüşləri oldu, mövcud əmakdaşlıqların davam etdirilməsi və yeni əməkdaşlıqların qurulmasına dair danışıqlar aparıldı.   

Görüşlərdə xarici nümayəndə heyətləri tədbirin yüksək səviyyədə təşkil edildiyini, sərgidə iqtisadiyyatın hərbi və müdafiə sahələrini təmsil edən dünyanın bir sıra tanınmış brendlərin geniş tərkibdə təqdim edildiyini xüsusi vurğuladılar.

Beynəlxalq nümayəndə heyətlərinin və xarici şirkətlərin “ADEX-2018” sərgisinə böyük maraq göstərməsi Azərbaycanın həm mühüm strateji tərəfdaş, həm də regionda etibarlı əlaqələrin rəmzi kimi yüksək rol və əhəmiyyətini bir daha təsdiq etdi.

Müdafiə Sənayesi Nazirliyinin rəhbərliyi Türkiyə, Rusiya, Fransa, Belarus, İsrail, Pakistan, Çin, Ukrayna, Bolqarıstan, Qazaxıstan və digər ölkələrin stendlərini ziyarət etdi, nümayiş etdirilən məmulatlarla yaxındın tanış oldu.

Sərgi çərçivəsində Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi ilə Türkiyənin “ASELSAN” şirkəti arasında rabitə vasitələrinin birgə istehsalına dair əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalandı. Eyni zamanda, Müdafiə Sənayesi Nazirliyi ilə Müdafiə Nazirliyi arasında Silahlı Qüvvələrin rabitə vasitələrinin təchizatına dair Anlaşma Memorandumu imzalandı.

Sərginin əhəmiyyətini və sərgiyə olan marağı nəzərə alaraq tədbirin üçüncü günü “Açıq gün” oldu.

Sərgini ziyarət edənlər arasında yerli və beynəlxalq mütəxəssislər, hərbi ekspertlər, hərbiçilər, eləcə də dövlət strukturlarının və şirkətlərin nümayəndələri, Azərbaycan Texniki Universitetinin Xüsusi texnika və texnologiya fakultəsinin tələbələri və eyni zamanda sıravi vətəndaşlar da var idi.

Tədbirin keçirildiyi üç gün ərzində nümayiş etdirilən məmulatlara izləyicilər tərəfindən göstərilən böyük maraq sərginin əhəmiyyətini əks etdirdi. “ADEX-2018” sərgisinə, eyni zamanda, yerli və xarici kütləvi informasiya vasitələri tərəfindən də böyük maraq göstərildi. Sərginin gedişatı ilə bağlı mütəmadi olaraq dolğun informasiyalar yayıldı.




Oxunub: 1061



Çap versiyası  Çap versiyası