Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi

Müdafiə Sənayesi Nazirliyinin müəssisələri ilə Türkiyənin şirkətləri arasında niyyət protokolları imzalandı

12.05.2017

Mayın 9-dan 12-dək Türkiyənin İstanbul şəhərində keçirilən və Müdafiə Sənayesi Nazirliyinin  (MSN) də təmsil olunduğu “İDEF-2017” XIII Beynəlxalq müdafiə sənayesi sərgisi çərçivəsində nazirliyin Elmi Tədqiqat İnstitutu, “Optika-Mexanika” və “Cihaz” istehsalat birlikləri ilə Türkiyənin “ASELSAN” və “TUSAŞ” şirkətləri arasında müdafiə təyinatlı məmulatların birgə istehsalına dair niyyət protokolları imzalandı.

Sərgi çərçivəsində nazir Yavər Camalovun Müdafiə Sənayesi Nazirliyinin stendini ziyarət edən Pakistanın müdafiə sənayesi federal naziri Rana Tanvir Hussain və digər ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri oldu. Görüşlərdə müdafiə sənayesi üzrə yeni əməkdaşlıq əlaqələrinin yaradılması, mövcud əlaqələrin inkişafına dair danışıqlar aparılıdı və ümumi razılıqlar əldə olundu.   

Müdafiə sənayesi naziri Yavər Camalovla görüşündən sonra MSN-in stendini ziyarət edən Türkiyənin milli müdafiə naziri Fikri İşıq nümayiş etdirilən məmulatlarla yaxından tanış oldu. İki qardaş ölkənin müvafiq qurumları arasındaki konkret sahələr üzrə birgə  əməkdaşlıqdan məmnunluğunu ifadə edən Fikri İşıq bu əlaqələrin davamlı olması üçün yeni sahələrin müəyyənləşdirilməsi məqsədilə aparılan danışıqların əhəmiyyətini də vurğuladı.

ABŞ, Almaniya, Rusiya, Fransa, İngiltərə və digər inkişaf etmiş ölkələrdən 300-dək qabaqcıl şirkətin qatıldığı “İDEF-2017” sərgisində Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin nümayiş etdirdiyi, yerli mütəxəssislər tərəfindən hazırlanmış “Tufan” milli zirehli maşını,“Vaşaq” snayper tüfəngi və digər məmulatlar böyük marağa səbəb oldu.

Müxtəlif ölkələrin müdafiə sənayesi şirkətlərinin silah, texnika və hərbi avadanlıq istehsalı sahəsində əldə etdikləri nailiyyətlərlə tanış olmaq məqsədilə keçirilən beynəlxalq müdafiə sərgilərində son illər təmsil olunan və artıq belə tədbirlərin təşkilatçısına çevrilən Müdafiə Sənayesi Nazirliyinin qatıldığı hər bir sərgidə nümayiş etdirdiyi yeni nəsil məmulatlar izləyicilər tərəfindən böyük maraqla qarşılanır. MSN-in təmsil olunduğu belə sərgilərdən biri də İstanbulda keçirilən “İDEF-2017” XIII Beynəlxalq müdafiə sənayesi sərgisi oldu.




Oxunub: 1428



Çap versiyası  Çap versiyası