Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi

Müdafiə Sənayesi Nazirliyinin tabeli müəssisələrində 2017-ci ilin birinci rübünün yekunlarına dair kollegiya iclası keçirildi

14.04.2017

Nazir Yavər Camalovun sədrliyi ilə keçirilən iclasda 2017-ci ilin birinci rübü üzrə nazirliyin birlik və müəssisələrinin istehsal, maliyyə-təsərrüfat fəaliyyətlərinin yekunları və qarşıda duran məsələlər geniş müzakirə edildi.

Kollegiyada bildirildi ki, hesabat dövründə nazirliyin müəssisələrində 2017-ci il üçün nəzərdə tutulan tədbirlərin icrası davam etdirilib, respublikanın güc strukturlarının sifarişləri əsasında bağlanmış müqavilələr üzrə müdafiə təyinatlı məmulatlar istehsal olunaraq sifarişçilərə təhvil verilib. Eləcə də, mülki məmulatların istehsalının genişləndirilməsi üzrə işlər davam etdirilib.

Müdafiə təyinatlı məmulatların istehsalının həcmi 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 11,9 faiz artıb. Əldə olunan artım ixrac əməliyyatları hesabına təmin edilib. İstehsal olunan məhsulların 87 faizini müdafiə və xüsusi təyinatlı 13 faizini isə mülki təyinatlı məmulatlar təşkil edir. İstehsalı mənimsənilmiş müdafiə təyinatlı məmulatların çeşid sayı 1200-ə çatdırılıb.

Hesabat dövründə müdafiə təyinatlı məmulatların yaradılması üzrə nazirliyin Elmi-Tədqiqat İnstitutu (ETİ) və Milli Aerokosmik Agentliyi (MAKA) tərəfindən  dövlət sifarişi xətti ilə elmi-tədqiqat və təcrübi-konstruktor işləri uğurla davam etdirilib. Ümumilikdə, cari ildə nazirliyin müəssisələrində 136 adda müdafiə təyinatlı məmulatların yaradılması istiqamətində təcrübi-konstruktor işləri aparılır.

Kollegiyada qeyd olundu ki, ilk dəfə “ADEX-2016“ ikinci Azərbaycan Beynəlxalq müdafiə sərgisində maket və 3D animasiya formatında nümayiş etdirilən “Tufan” minaya davamlı milli zirehli nəqliyyat vasitəsinin üzərində aparılan işlər uğurla başa çatdırılıb və cari ilin fevral ayında Müdafiə Nazirliyi və digər güc strukturlarının aparıcı mütəxəssislərinin iştirakı ilə təqdimatı keçirilib. Sınaqlar zamanı milli zirehli nəqliyyat vasitəsi qarşıya qoyulan tələblərə cavab verib və mütəxəssislər tərəfindən müsbət qiymətləndirilib.

Ağırlığı 12,3 tona çatan, 3000 kiloqrama qədər faydalı yük və 10 nəfər şəxsi heyəti tam təhlükəsiz şəraitdə daşımaq imkanına malik olan “Tufan” zirehli nəqliyyat vasitəsi 100 faiz Azərbaycan dizaynerlərinin və mühəndislərinin kreativ fikirlərini və təcrübəsini özündə birləşdirən məhsuldur.

“Tufan” milli zirehli nəqliyyat vasitəsinin üzərində quraşdırılmış 12,7; 14,5; 23 və 30 millimetrlik silahlarla təchiz edilmiş universal döyüş modulu da nazirliyin müəssisələrində istehsal olunub.

Yaradılması nazirliyin müəssisələrində aparılan və artıq silahlanmaya tövsiyə olunan “Yalquzaq” snayper tüfənginin, xüsusi təyinatlı əl pulemyotunun, avtomatik qumbaraatan kompleksinin, əl qumbaraatanının, müxtəlif millimetrlik  avtomatların, F-1 tipli əl qumbarasının, atəş yığımının və s. məmulatların cari ildə seriyalı istehsalı nəzərdə tutulur.

Hazırda, ötən il yaradılan, sınaqları uğurla başa çatdırılan və təqdimatı keçirildikdən sonra seriyalı istehsalına başlanılan “Zərbə-KM” (təsir gücü artırılmış qəlpəli-fuqaslı) pilotsuz uçuş aparatının yeni növü olan, düşmənin canlı qüvvəsini, hərbi texnikasını və hərbi obyektlərini 100 kilometrlik məsafədən tam müəyyən edən və məhv etmək iqtidarında olan “Zərbə-KH” (kumulyativ başlıqlı) pilotsuz uçuş aparatının yaradılması istiqamətində intensiv işlərə başlanılıb.

Eyni zamanda, iki istiqaməti -  zirehlı texnika üzərində yerləşdirilmiş elektromaqnit impuls qurğusunun və yüksək impulslu elektromaqnit şüa verən aviasiya bombasının yaradılmasını  bir arada aparan yüksək güclü elektromaqnit impuls şüalanma layihəsi işlərinə başlanılıb.

Ölkə başçısının müvafiq göstərişi ilə beynəlxalq müdafiə sərgilərinin iştirakcısı və təşkilatçısı olan Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan 260 adda müdafiə təyinatlı məmulatın cari il mayın 9-dan 12-dək Türkiyənin İstanbul şəhərində keçiriləcək “İDEF-2017” XIII Beynəlxalq müdafiə sərgisində nümayişi nəzərdə tutulur.

Kollegiya iclasında nazirliyin birlik və müəssisələrinin rəhbərlərinin hesabatları dinlənildi və müəssisələrin fəaliyyətləri müzakirə edildi.

Nazir hesabat dövründə tabeli birlik və müəssisələr tərəfindən görülmüş işləri müsbət qiymətləndirdiyini bildirdi.

Yavər Camalov ölkənin müdafiə sənayesinin inkişafı ilə bağlı Prezident İlham Əliyev tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi istiqamətində struktur bölmə, birlik və müəssisə rəhbərlərinə göstərişlər verdi.




Oxunub: 528



Çap versiyası  Çap versiyası