Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyində kosmonavtika günü ilə bağlı tədbir keçirildi

12.04.2019 16:00

Aprelin 12-də Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyində (MAKA) kosmonavtika günü və akademik Tofiq İsmayılovun kabinet-muzeyinin əsaslı təmiri və yenidənqurma işlərindən sonra açılışı münasibətilə tədbir keçirildi.

Tədbir iştirakçıları əvvəlcə MAKA-da ümummilli lider Heydər Əliyevin xatirəsinə qoyulmuş büstü ziyarət etdilər və önünə əklil qoyudular.

Tədbiri açan MAKA-nın baş direktoru, professor Natiq Cavadov Azərbaycan kosmik sənayesinin inkişafı və bu sahədə əvəzolunmaz xidmətləri olan akademik Tofiq İsmayılovun həyat və fəaliyyəti ilə bağlı geniş məlumat verdi.

Çıxış edən müdafiə sənayesi nazirinin müavini Tofiq Rəfiyev Ümumdünya Aviasya və Kosmonavtika günü münasibəti ilə tədbir iştirakçılarını təbrik etdi və onlara işlərində uğurlar arzuladı. Bildirdi ki, 1961-ci ildə sovet hərbi təyyarəçisi Yuri Qaqarin tərəfindən ilk pilotlu uçuşun həyata keçirildiyi gün - 12 aprel tarixi, 1969-cu ildən kosmonavtlar və eyni zamanda kosmik sənayedə çalışanlar tərəfində bayram günü kimi qeyd edilir.

Tofiq Rəfiyev republikamızda kosmik sənayenin yaradılmasının ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirdi. Qeyd etdi ki, ölkəmizdə kosmik sənayenin özülü hesab olunan və 1974-cü ildən fəaliyyətə başlayan Azərbaycan Elmlər Akademiyasının “Kaspi” Еlmi Мərkəzi elmə, inkişafa daim xüsusi diqqət ayıran ulu öndər Heydər Əliyev tərəfindən yaradılmışdır.

Nazir müavini akademik Tofiq İsmayılovun kosmik sənayenin inkişafındakı əvəzsiz xidmətlərindən də danışdı. Qeyd etdi ki, elmi və məxsusi cihazqayırma sahəsində tanınan Tofiq İsmayılov işgüzarlığı, yaradıcılıq imkanlarının əhatəliliyi, yüksək təşkilatçılıq qabiliyyəti sayəsində vahid namizəd kimi, 1974-cü ildə əsası qoyulmuş təbii ehtiyatların tədqiqi üzrə “Kaspi” Elmi Mərkəzinə baş direktor təyin olunmuş və  bununla da respublikamızda kosmik sənaye infrastrukturunun ilkin bazası formalaşmağa başlamışdı.

Tofiq İsmayılov Vətənini sevən bir oğul kimi təmsil olunduğu SSRİ Xalq Deputatları Qurultayında Azərbaycanın maraqlarını hər zaman müdafiə etmiş, Dağlıq Qarabağ problemi və 20 Yanvar hadisəsi ilə bağlı həqiqətləri yüksək tribunadan dünya ictimaiyyətinə çatdırmışdır.

Son 15 ildə müstəqil respublikamızın kosmik sənayesi ulu öndər Heydər Əliyev ideyalarının layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi altında surətlə inkişaf etmiş və bu sahədə bir sıra uğurlara imza atılmışdır.

İllər öncə Azərbaycan Milli Elmlər Akademiyasının tərkibində “Kaspi” Elmi Mərkəzi kimi fəaliyyətə başlayan, hazırda Milli Aerokosmik Agentlik kimi fəaliyyətini davam etdirən təşkilat, respublikamızın kosmik sənayesinin ölkənin müdafiə qüdrətinin möhkəmləndirilməsi istiqamətində daha çox səmərə verəcəyi nəzərə alınaraq Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə 2006-cı ildə Müdafiə Sənayesi Nazirliyinin tabeliyinə verilmişdir. Ötən müddətdə MAKA-nın hazırlanmış strateji proqramlar əsasında fəaliyyət dairəsi genişləndirilərək ölkənin Hərbi-Sənaye Kompleksinə yönəldilməsi, milli kadrların hazırlanması, xarici əlaqələrin qurulması və maddi-texniki bazanın gücləndirilməsi istiqamətində ardıcıl işlər həyata keçirilmişdir.

Ölkə başçısının “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramının təsdiq edilməsi haqqında” 17 avqust 2009-cu il tarixli Sərəncamı ilə qarşıda duran əsas vəzifələr müəyyənləşdi. Respublikamızın digər qurumları ilə yanaşı Müdafiə Sənayesi Nazirliyinin, o cümlədən nazirliyin tabeliyində fəaliyyət göstərən MAKA-nın qarşısında konkret məsələlər qoyuldu və müvafiq tədbirlər həyata keçirildi.

Kosmik sənayenin inkişafının indiki mərhələsində “Kaspi” Elmi Mərkəzindən Milli Aerokosmik Agentliyinə kimi 45 illik tarixi yol keçmiş təşkilat Tofiq İsmayılovun ənənələrini davam etdirir.

Nazir müavini çıxışının sonunda ölkə başçısı İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu siyasət nəticəsində digər sahələrlə yanaşı kosmik sənaye sahəsində də bundan sonra da bir çox uğurlara imza atılacağını, doğma Azərbaycanımızın adının qabaqcıl kosmik ölkələr sırasında olacağını əminliklə vurğuladı.

Digər çıxış edənlər də kosmik sənayenin inkişaf tarixinə nəzər saldılar, akademik Tofiq İsmayılovla bağlı xatirələrini bölüşdülər.

Tofiq İsmayılovun ailə üzvləri adından oğlu Heydər İsmayılov çıxış etdi, tədbirin təşkilatçılığına və yüksək səviyyədə keçirilməsinə görə Müdafiə Sənayesi Nazirliyinin rəhbərliynə dərin minnətdarlığını bildirdi.

Tədbirin sonunda Tofiq İsmayılovun kabinet-muzeyinin əsaslı təmir və yenidənqurmadan sonra açılışı oldu, onun keçdiyi həyat yoluna bir daha nəzər salındı.

Tədbir iştirakçıları Fəxri xiyabana gələrək akademik Tofiq İsmayılovun xatirəsini ehtiramla yad etdilər və məzarı üstünə gül dəstələri düzdülər.

 

 




Oxunub: 1900