Müdafiə Sənayesi Nazirliyində Çinin “CETC İnternational” şirkətinin nümayəndələri ilə görüş keçirildi

03.04.2019 17:05

Aprelin 3-də müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev Çin Xalq Respublikasının müdafiə sənayesi sahəsində yüksək texnologiyalı məhsullar istehsal edən “CETC International” şirkətinin baş direktoru Long Binin rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti ilə görüşdü.

Qonaqları salamlayan nazir müavini Yəhya Musayev Azərbaycan ilə Çin arasındakı mövcud əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə olduğunu vurğuladı və nümayəndə heyətinə Müdafiə Sənayesi Nazirliyinin fəaliyyətinə dair məlumat verdi.

Görüşdə Müdafiə Sənayesi Nazirliyi ilə "CETC International" şirkəti arasında müxtəlif sahələr üzrə əməkdaşlığın istiqamətlərinin müəyyənləşdirilməsi və perspektivlərinə dair geniş fikir mübadiləsi aparıldı. Sonda müzakirə olunan məsələlərlə bağlı işçi qrupunun yaradılmasına dair razılıq əldə olundu.

Nümayəndə heyətinin başçısı Long Bin səmimi qəbula görə minnətdarlığını bildirdi.

Görüşdə Azərbaycanın Çindəki hərbi attaşesi, 1-ci dərəcəli kapitan Elçin Cəfərov da iştirak edirdi.

Qeyd edək ki, əsasən elektron komponentlərin və avadanlıqların istehsalı ilə məşhurlaşan və dünyanın 100-dən çox ölkəsi ilə əməkdaşlıq edən "CETC International" şirkəti hazır məhsullarının çeşidinin və keyfiyyətinin səviyyəsi ilə seçilir. Şirkət Müdafiə Sənayesi Nazirliyinin təşkilatçılığı və dəstəyi ilə son illər Azərbaycanda keçirilən “ADEX” beynəlxalq müdafiə sərgilərində stendlə təmsil olunaraq öz məhsullarını nümayiş etdirmişdir.




Oxunub: 748