Nazir müavini Yəhya Musayev İtaliya nümayəndə heyəti ilə görüşdü

05.03.2019 18:05

Martın 5-də müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev İtaliya Müdafiə Nazirliyinin müdafiə və milli silahlandırma üzrə baş katibi, general-leytenant Nikolo Falsapernanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi.

Qonaqları salamlayan nazir müavini iki ölkə arasındakı mövcud əməkdaşlıqdan danışdı və  İtaliyanın Azərbaycanın Avropadakı  ən böyük iqtisadi tərəfdaşlarından biri olduğunu vurğuladı. 

Yəhya Musayev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və mövcud vəziyyətdə müdafiə sənayesinin Azərbaycan üçün əhəmiyyəti barədə məlumat verdi. 

Nazir müavini Müdafiə Sənayesi Nazirliyinin fəaliyyət istiqamətləri və bu günə qədər sahə üzrə əldə olunan uğurlardan danışdı. Bildirdi ki, qısa zamanda fəaliyyətə başlayan nazirlik hazırda hərbi təyinatlı məmulatların yaradılması və istehsalı ilə yanaşı, qurulmuş hərbi-texniki əməkdaşlıq sayəsində məhsulların ixracını da həyata keçirir. İxrac imkanlarının genişləndirilməsi üçün beynəlxalq sərgilərdə iştirak xüsusi əhəmiyyət daşıyır.

Nikolo Falsaperna ölkəmizə ilk dəfə səfər etdiyini və bu səfərdən məmnunluq hissi duyduğunu bildirdi. İki ölkə arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyətindən danışdı, bu istiqamətdə əlaqələrin inkişafı və reallaşdırılacaq birgə layihələrin hər iki ölkənin təhlükəsizliyinə xidmət edəcəyini qeyd etdi.  

Tərəflər iki ölkə arasındakı mövcud əlaqələrdən məmnun olduqlarını və bu əlaqələrin hərbi-texniki sahədə əməkdaşlığın inkişafına müsbət təsir göstərəcəyini əminliklə vurğuladılar.

Görüşdə İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Auqusto Massari və digər rəsmi şəxslər iştirak edirdi.

 

 




Oxunub: 2393