Müdafiə Sənayesi Nazirliyinin əməkdaşları peşə bayramlarını qeyd etdilər

17.12.2018 11:45

Dekabrın 17-də peşə bayramlarını qeyd edən Müdafiə Sənayesi Nazirliyinin əməkdaşları bu münasibətlə əvvəlcə Fəxri xiyabana gələrək müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoydular. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olundu, məzarı üstünə gül dəstələri düzüldü. Sonra Şəhidlər xiyabanında uyuyan, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi yad edildi, məzarları üstünə güllər düzüldü. Kollektiv adından “Əbədi məşəl” abidəsinin önünə əklil qoyuldu.

Tədbir nazirliyin akt zalında davam etdirildi. Dövlət himninin səsləndirilməsi ilə tədbirin rəsmi hissəsinə başlanıldı.

Tədbiri açan nazir müavini Yəhya Musayev Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramı günü münasibətilə kollektivi təbrik etdi. Bildirdi ki, bayram ərəfəsində Prezident İlham Əliyev nazirliyin bir qrup əməkdaşının “Əməkdar dövlət qulluqçusu”   “Əməkdar mühəndis” fəxri adlarına layiq görülmələrinə, 3-cü dərəcəli ”Əmək” ordeni,   “Tərəqqi”“Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif olunmalarına dair Sərəncamlar imzalamışdır. Nazir müavini göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə kollektiv adından təşəkkürünü bildirdi.

Yəhya Musayev qeyd etdi ki, bu il 100 illik yubileyi qeyd edilən Azərbaycan Xalq Cumhuriyyətinin varisi olan müasir dövlətimiz Prezident İlham Əliyevin rəhbərliyi altında son 15 ildə özünün milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayıb. Bu illər ərzində ölkə başçısı tərəfindən həyata keçirilən ardıcıl və düşünülmüş siyasət nəticəsində respublikamızın bütün sahələrdə böyük uğurlar qazanması - maliyyə imkanlarının artması, ölkəmizin transmilli layihələrin təşəbbüskarı və əsas iştirakçısı kimi çıxış etməsi, müasir tələblərə cavab verən infrastrukturun yaradılması, ən yeni texnologiyalara əsaslanan müəssisələrin fəaliyyətə başlaması Azərbaycanın beynəlxalq aləmdəki mövqeyini getdikcə möhkəmləndirib.

Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə respublikamızda digər sahələrlə yanaşı Silahlı Qüvvələrin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də ardıcıl tədbirlər həyata keçirilib. Məhz görülmüş işlər nəticəsində bu gün beynəlxalq reytinqlərə görə, Azərbaycanın Silahlı Qüvvələri hazırda dünyanın ən güclü 50 ordusu sırasında yer tutur.

Azərbaycan Ordusu öz gücünü və döyüş qabiliyyətini 2016-cı ilin aprelində həm düşmənə, həm də dünyaya nümayiş etdirdi. Azərbaycan tarixinə şanlı səhifələrdən biri kimi daxil olan Aprel döyüşlərində qüdrətli ordumuz Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının ərazilərinin bir qismini işğalçılardan təmizləyərək böyük bir əraziyə nəzarəti ələ aldı. Bu döyüşlərin ən mühüm yekunu Lələtəpə yüksəkliyinin azad olunması və bununla da Cocuq Mərcanlı kəndinin təhlükəsizliyinin təmin edilməsi oldu. 2018-ci ilin mayında isə Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Günnüt kəndi düşməndən azad edildi, dövlət sərhədi boyunca əlverişli yüksəkliklər ələ keçirildi. Həmin döyüşlərdə Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan müdafiə təyinatlı məmulatlardan geniş istifadə olundu. Düşmənin canlı qüvvəsinin və döyüş texnikalarının yerinin müəyyən edilərək məhv edilməsində yeni növ milli müdafiə təyinatlı məhsullar mühüm rol oynadı.

Müdafiə Sənayesi Nazirliyi fəaliyyətə başladığı gündən ilkin mərhələdə qarşıya qoyulmuş hədəflərə demək olar ki, tam nail olunub.

Ötən dövrdə nazirliyin müəssisələrində ən müasir texnologiya və avadanlıqlarla təchiz olunan 50-dən çox yeni istehsal sahəsi yaradılıb. İstehsal sahələrində müasir tələblərə cavab verən rəqəmsal, proqram təminatlı 25-dən çox mürəkkəb texnoloji xətt və avadanlıqlar quraşdırılıb. Eləcə də, 2200-dən çox müxtəlif təyinatlı dəzgah, 10 minlərlə cihaz, alət və tərtibatlar alınıb istismara verilib.

2018-ci ildə ümumi məhsul istehsalının həcmi 2007-ci illə müqayisədə 6,8 dəfə, müdafiə təyinatlı məmulatların həcmi isə 33 dəfə artıb. İstehsal olunan ümumi məhsulun 80 faizdən çoxu müdafiə, xüsusi təyinatlı məmulatlardır. Son illərdə isə bu nisbət 90 faizi keçib. İstehsalı mənimsənilən müdafiə təyinatlı məmulatların çeşidlərinin sayı 1200-ü ötüb.

Nazirlik fəaliyyətə başladığı gündən ümumilikdə 251 mövzu üzrə müdafiə təyinatlı məmulatların yaradılması işləri aparılıb. Onlardan Müdafiə Nazirliyi və digər güc strukturlarının tələbatına uyğun 138 mövzu üzrə 370 adda müdafiə təyinatlı məmulatın yaradılma işləri başa çatdırılıb və silahlanmaya tövsiyə olunub. Məmulatların yaradılması zamanı 344 müxtəlif növ sınaq keçirilib. Hazırda müəssisələrdə 113 adda müdafiə təyinatlı məmulatın yaradılması istiqamətində təcrübi-konstruktor işləri davam etdirilir.

Ölkə sənayesinin dayanıqlı inkişafının təmin edilməsinin əsas istiqamətlərindən olan ixrac potensialının genişləndirilməsi və idxalın yerli istehsalla əvəzlənməsi üzrə nazirlikdə məqsədyönlü işlərə başlanılıb. Bu gün Müdafiə Sənayesi Nazirliyinin müəsisələrində yaradılan və istehsal olunan müxtəlif növ döyüş sursatlarının, müasir atıcı və artilleriya silahlarının, zirehli texnikaların, xüsusi təyinatlı patrul maşınının və digər məmulatların ixracı həyata keçirilir. Hazırda onlarla ölkəyə Azərbaycan istehsalı olan hərbi məhsullar ixrac edilir. 2017-ci illə müqayisədə bu il ixrac edilmiş məmulatların həcmində 9,2 faiz artım olub.

Dövlət başçısının tapşırığına əsasən Müdafiə Sənayesi Nazirliyi 2009-cu ildən beynəlxalq müdafiə sərgilərinə qatılır. ABŞ, İngiltərə, Almaniya, İtaliya, Rusiya, Fransa, Türkiyə və digər inkişaf etmiş ölkələrin qabaqcıl firma və şirkətlərinin təmsil olunduqları beynəlxalq sərgilərdə Azərbaycan brendi olaraq Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan müdafiə təyinatlı məmulatlar nümayiş etdirilir. Bu günədək 35-dən çox beynəlxalq sərgidə təmsil olunan nazirliyin qatıldığı hər bir sərgidə nümayiş etdirdiyi məmulatlar böyük maraqla qarşılanıb.

2005-ci ildə yaradılan və qısa zamanda fəaliyyətə başlayan Müdafiə Sənayesi Nazirliyi beynəlxalq müdafiə sərqilərinə qatılmaqla yanaşı, bu qəbildən olan sərgilərin təşkilatçısına da çevrilib. Belə ki, Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə 2014-cü ildə Azərbacanda “ADEX” adı altında ilk dəfə Beynəlxalq müdafiə sərgisi keçirildi. Artıq ənənə halını alan “ADEX” sərgisi hər iki ildən bir keçirilir. Cari ilin sentyabrında keçirilən “ADEX-2018” sərgisi də bu qəbildən olan sərgilərdən idi.

 “ADEX-2018” sərgisində Türkiyə, Fransa, İsrail, Rusiya, Belarus, Pakistan, Çin və sair dövlətlər daxil olmaqla dünyanın 29 ölkəsindən 224 şirkət iştirak edirdi.

Müdafiə Sənayesi Nazirliyi bu sərgidə bir neçə adda yeni məmulatı ilk dəfə olaraq  nümayiş etdirdi. Bu məmulatlardan - AZ-50 tipli avtomat, HP-7,62 tipli hücum pulemyotu, 81 millimetrlik minaatan (NATO standartlarına uyğun), müxtəlif snayper tüfəngləri, zirehli texnikaları, pilotsuz uçuş sistemləri, NSVT-12,7 tipli pulemyotlu məsafədən idarə olunan döyüş modulu böyük maraqla izlənildi.

Sərgi çərçivəsində Müdafiə Sənayesi Nazirliyinin rəsmilərinin Türkiyə, Rusiya, Belarus, Ukrayna, İran, Özbəkistan, Serbiya, Sudan və digər ölkələrin nümayəndə heyətləri, şirkət rəhbərləri ilə görüşləri təşkil olundu. İkitərəfli görüşlərdə mövcud əmakdaşlıqların davam etdirilməsi və yeni əməkdaşlıqların qurulmasına dair geniş müzakirələr aparıldı.

“ADEX-2018” sərgisi zamanı Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi ilə Türkiyənin “ASELSAN” şirkəti arasında rabitə vasitələrinin birgə istehsalına dair əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalandı. Eyni zamanda, Müdafiə Sənayesi Nazirliyi ilə Müdafiə Nazirliyi arasında Silahlı Qüvvələrin rabitə vasitələrinin təchizatına dair Anlaşma Memorandumu imzalandı.

Nazir müavini bildirdi ki, “ADEX-2018” sərgisi dünyanın sürətlə inkişaf edən bazarlarında strateji əməkdaşlıqların inkişaf etdirilməsi istiqamətində əlverişli platforma rolunu oynadı. Beynəlxalq istehsalçılar, alıcılar və sənaye sahəsi üzrə ekspertlərin iştirak etdiyi bu sərgi əlaqələrin gücləndirilməsi və yeni əməkdaşlıqların qurulması üçün geniş fürsətlər yaratdı. Yüzlərlə beynəlxalq müqavilələr, niyyət protokolları, anlaşmalar imzalandı. Sərgi çərçivəsində əldə edilmiş razılığa əsasən bu il oktyabrın 23-də Moskvada Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin rəsmiləri ilə Rusiya Federasiyasının Sənaye və Ticarət Nazirliyin rəsmiləri arasında görüş keçirildi. Görüşün davamı olaraq dekabrın 6-da Bakıda hər iki ölkənin müdafiə sənayesi qurularının nümayəndələri arasında geniş tərkibli iclas keçirildi. Yaxın zamanlarda isə Ankarada Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi ilə Türkiyə Cumhuriyyətinin aidiyyəti qurumları arasında sahə üzrə əməkdaşlığa dair zirvə görüşünün keçirilməsi nəzərdə tutulur.

Yəhya Musayev nazirliyin qarşısında duran perspektivlərdən də danışdı. Bildirdi ki, bu gün hərtərəfli inkişaf edən respublikamızda müdafiə sənayesinin yeni inkişaf hədəflərinin müəyyən edilməsi və bu istiqamətdə konkret işlərin həyata keçirilməsi üçün Müdafiə Sənayesi Nazirliyi tərəfindən müvafiq işlər aparılır. Belə ki, müxtəlif istiqamətlər üzrə müasir texnologiyalara əsaslanan yeni istehsal sahələrinin yaradılması, idxalı əvəz edəcək məhsulların yerli istehsalının təşkili, ixrac potensialının artırılması, eləcə də hazırda fəaliyyət göstərən istiqamətlərin təkmilləşdirilməsi üçün ardıcıl tədbirlərin həyata keçirilməsi və digər məsələlər nəzərdə tutulur.

İstehsal müəssisələrinin fəaliyyətinin tənzimlənməsi üçün özünütəminetmə səviyyəsinin yüksəldilməsi qarşıda duran əsas vəzifələrdəndir. Bu istiqamətdə görüləcək ən mühüm işlərdən biri müdafiə təyinatlı məmulatlarla yanaşı, mövcud istehsal bazasından istifadə etməklə mülki məmulatların da istehsalını genişləndirməkdir.

Nazir müavini qeyd etdi ki, müdafiə sənayesinin inkişafı bilavasitə yeni hərbi məhsulların yaradılması üzrə elmi-tədqiqat və təcrübi-konstruktor işlərinin aparılmasından asılıdır. Sahə üzrə davamlı inkişaf naminə bu istiqamətdə də müvafiq işlər görülür.

Yəhya Musayev bütün bu sadalanan uğurları Prezident İlham Əliyevin ölkənin sənaye infrastrukturunun yenidən qurulması istiqamətində həyata keçirdiyi kompleks tədbirlərin nəticəsi kimi dəyərləndirdi.

Digər çıxış edənlər də Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramı gününün yüksək səviyyədə qeyd edilməsilə bağlı sevinc hisslərini bölüşdülər və qeyd etdilər ki, daim dövlət başçısının diqqət və qayğısını hiss edən Müdafiə Sənayesi Nazirliyinin kollektivi bundan sonra da ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında respublikanın müdafiə sənayesinin inkişafı istiqamətində qüvvələrini birləşdirərək, Azərbaycan ordusunu yeni növ silah, hərbi texnika və döyüş sursatları ilə təmin edəcəkdir.

Tədbirdə Prezidentin müvafiq sərəncamları ilə fəxri adlara layiq görülmüş və medallarla təltif olunmuş nazirliyin əməkdaşları kollektiv tərəfindən təbrik edildi. Nazirlik tərəfindən bir neçə qabaqcıl işçiyə “Qabaqcıl müdafiə sənayesi işçisi” nişanı, Fəxri Fərman, pul və qiymətli hədiyyələr verildi. Eyni zamanda, nazirliyin bir neçə əməkdaşı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən Fəxri Fərmanlarla təltif olundular.

Tədbirdə Müdafiə Sənayesi Nazirliyi ilə Müdafiə Sənayesi İşçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsi arasında 2019-2021-cü illər üçün Sahə (Tarif) Kollektiv Sazişi bağlandı.

 

 




Oxunub: 2759