“ADEX-2018” sərgisini ziyarət edən Baş nazir Novruz Məmmədov Müdafiə Sənayesi Nazirliyinin stendlərində oldu

26.09.2018

Sentyabrın 26-da Bakı Ekspo Mərkəzində keçirilən “ADEX-2018” üçüncü Beynəlxalq müdafiə sərgisini ziyarət edən Azərbaycanın Baş naziri Novruz Məmmədov Müdafiə Sənayesi Nazirliyinin stendlərində oldu.

Müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev Baş nazirə “ADEX-2018” sərgisi və Müdafiə Sənayesi Nazirliyi tərəfindən sərgidə nümayiş etdirilən məmulatlarla bağlı geniş məlumat verdi. Bildirdi ki, “ADEX-2018” sərgisində 29 ölkədən 224 şirkət və rəsmi nümayəndə heyətləri iştirak edir. Sərginin iştirakçıları olan bir sıra ölkələr əvvəlki illərlə müqayisədə milli ekspozisiyalarının sahəsini böyüdüblər. Təmsil olunan şirkətlərin sayının çoxluğuna görə ilk dördlüyə Türkiyə (41 şirkət), Rusiya (25 şirkət), İsrail (14 şirkət) və Belarus (10 şirkət) daxildir. İştirakçıların coğrafiyası Estoniya, Hindistan və Qazaxıstan kimi ölkələrin hesabına genişlənib. Ümumilikdə, ziyarətçi şirkət və qurumlarla birlikdə sərginin coğrafiyası 44 ölkəni əhatə edir.

Qeyd edildi ki, Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi, eləcə də nazirliyin istehsalat birlikləri və zavodları, o cümlədən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) sərginin fəal iştirakçılarıdır.

Müdafiə Sənayesi Nazirliyinin pavilyonunda nazirliyin müəssisələrində yaradılan və istehsal olunan ən son silah və hərbi texnikalar nümayiş etdirilir. Burada iştirakçılar və ziyarətçilər Azərbaycan müdafiə sənayesinin yenilikləri, inkişaf etməkdə olan potensialı ilə yaxından tanış ola bilirlər.

Baş nazir Müdafiə Sənayesi Nazirliyi tərəfindən sərgidə nümayiş etdirilən məmulatları böyük maraqla izlədi.

 

 

 

    




Oxunub: 595