Müdafiə Sənayesi Nazirliyində 2018-ci ilin birinci rübünün yekunlarına həsr olunmuş kollegiya keçirildi

27.04.2018

İclası açan kollegiyanın sədri nazir Yavər Camalov 11 apreldə respublikamızda keçirilən prezident seçkilərində yüksək səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçilmiş İlham Əliyevi Müdafiə Sənayesi Nazirliyinin kollektivi adından təbrik etdi və fəaliyyətində uğurlar arzuladı. Qeyd etdi ki, keçirilən seçkilərdə Azərbaycan xalqı yenidən ulu öndər Heydər Əliyevin siyasi kursunun davamçısı İlham Əliyevə səs verməklə müstəqil respublikamızın surətli inkişafının və təhlükəsizliyinin təminatçısına səs vermiş oldu. Xalqımız əmindir ki, Prezident İlham Əliyev bundan sonrakı fəaliyyəti dövründə də respublikamızın işıqlı gələcəyi naminə bütün gücünü səfərbər edəcəkdir. Bu əminliyi Azərbaycan xalqında formalaşdıran İlham Əliyevin fəaliyyəti dövründə qətiyyətli və düzgün siyasət yürüdərək müstəqil respublikamızı qüdrətləndirməsi, dünya birliyinə sivil və modern dövlət kimi qəbul etdirməsi olmuşdur.

Kollegiya üzvləri Yavər Camalovu yenidən Azərbaycan Respublikasının müdafiə sənayesi naziri təyin olunması münasibətilə təbrik etdilər. Yavər Camalov öz növbəsində ona göstərilən böyük etimada görə Prezident İlham Əliyevə təşəkkürünü  bildirdi.

Nazir Yavər Camalov respublikada əldə olunan uğurlardan danışdı. Bildirdi ki, son illər Prezident İlham Əliyevin uzaqgörənliyi sayəsində həyata keçirilən uğurlu islahatlar öz bəhrəsini verməkdədir. Respublikada yürüdülən düzgün iqtisadi strategiya ölkə iqtisadiyyatının şaxələnməsinə, xüsusilə iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına öz müsbət təsirini göstərmişdir. Ölkədə əməkhaqlarının, pensiyaların artması, aztəminatlı ailələrə ünvanlı sosial yardımların verilməsi və yoxsulluğun aşağı salınmasına xidmət edən dövlət proqramlarının uğurlu icrası əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən mühüm tədbirlərdəndir. Digər sahələrlə yanaşı, ordu quruculuğunda da islahatların aparılması, Silahlı Qüvvələrin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm işlər görülmüş və bu gün də davam etdirilməkdədir.

Kollegiyada Müdafiə Sənayesi Nazirliyinin birlik və müəssisələrinin hesabat dövrü üzrə istehsal, maliyyə-təsərrüfat fəaliyyətlərinin yekunları və qarşıda duran məsələlər geniş müzakirə edildi. Bildirildi ki, hesabat dövründə nazirliyin müəssisələrində 2018-ci il üçün nəzərdə tutulan tədbirlərin icrası davam etdirilib, respublikanın güc strukturlarının sifarişləri əsasında bağlanmış müqavilələr üzrə müxtəlif adda müdafiə təyinatlı məmulatlar istehsal olunaraq sifarişçilərə təhvil verilib.

Hesabat dövründə istehsal olunan məhsulun  89 faizini müdafiə və xüsusi təyinatlı, 11 faizini isə mülki təyinatlı məmulatlar təşkil edir. İstehsalı mənimsənilmiş müdafiə təyinatlı məmulatların çeşid sayı 1200-ə çatdırılıb. İstehsal olunan məmulatlardan döyüş sursatları, müasir atıcı silahlar və artilleriya silahları, pilotsuz uçuş aparatları, zirehli texnikalar və digər müdafiə təyinatlı məmulatlar 10-dan çox ölkəyə ixrac olunur. İxrac olunan məhsulun həcmi 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə iki dəfə artmışdır.

Cari ildə nazirliyin müəssisələrində Müdafiə Sifarişi  Proqramına müvafiq olaraq 118 mövzunu əhatə edən 127 adda məmulat üzrə təcrübi-konstruktor işlərinin aparılması nəzərdə tutulur. Aparılacaq işlər 181 mərhələni əhatə edəcəkdir. Yaradılması nəzərdə tutlan məmulatlardan xüsusi təyinatlı hücum pulemyotunu, müxtəlif millimetrlik  avtomat silahları, iri çaplı pulemyotlar və avtomatik toplar üçün lülələri, avtomatik qumbaraatan komplesini, lüləaltı qumbaraatanını və snayper tüfəngləri üçün optik nişangahları göstərmək olar.

Hesabat dövründə yeni müdafiə təyinatlı məmulatların yaradılması üzrə nazirliyin Elmi-Tədqiqat İnstitutu (ETİ) və Milli Aerokosmik Agentliyi (MAKA) tərəfindən dövlət sifarişi xətti ilə elmi-tədqiqat və təcrübi-konstruktor işləri uğurla davam etdirilib.

2018-ci ilin birinci rübündə nazirliyin qarşısında qoyulan tapşırıqların vaxtında təmin edilməsi üçün dünyanın inkişaf etmiş dövlətlərinin hərbi sənaye kompleksinə daxil olan şirkət və qurumlarla hərbi-texniki sahədə əməkdaşlıq davam etdirilmişdir.

2009-cu ildən beynəlxalq sərgilərə qatılan Müdafiə Sənayesi Nazirliyi cari ilin iyununda Fransada keçiriləcək beynəlxalaq müdafiə və təhlükəsizlik sərgisində - "EUROSATORY-2018”də iştirak edəcəkdir. “EUROSATORY-2018” sərgisinə ilk dəfə qatılan Müdafiə Sənayesi Nazirliyi bu sərgidə 268 adda məmulat nümayiş etdirəcəkdir. Sərgidə bir neçə adda yeni növ müdafiə təyinatlı məmulatın nümayişi nəzərdə tutulur.

Kollegiyada cari ilin sentyabrında Bakıda keçiriləcək “ADEX-2018” beynəlxalq müdafiə sərgisi ilə bağlı aparılan işlərdən də danışıldı. Bildirildi ki, 2014-cü və 2016-cı illərdə “ADEX” adı altında Azərbaycanda keçirilən beynəlxalq müdafiə sərgilərinin təşkilatçısı və iştirakçısı olan Müdafiə Sənayesi Nazirliyi tərəfindən üçüncü Azərbaycan beynəlxalq müdafiə sərgisinin (ADEX-2018) yüksək səviyyədə təşkili istiqamətində müvafiq işlər aparılır. Bununla bağlı xarici ölkələrin müvafiq qurumları ilə danışıqlar aparılır və təşkilati işlər hayata keçirilir. Eyni zamanda, “ADEX-2018” sərgsində Azərbaycan istehsalı olan yeni müdafiə təyinatlı məmulatların nümayiş etdirilməsi üçün nazirliyin müəssələrində müvafiq işlər görülür.

İclasda nazirliyin birlik və müəssisələrinin rəhbərlərinin hesabatları dinlənildi və müəssisələrin fəaliyyətləri müzakirə edildi.

Nazir hesabat dövründə tabeli birlik və müəssisələr tərəfindən görülmüş işləri müsbət qiymətləndirdiyini bildirdi.

Yavər Camalov Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyevin verdiyi tapşırıqları bir daha iclas iştirakçılarına xatırlatdı. Nazir respulikanın müdafiə sənayesinin inkişafı istiqamətində qarşıya qoyulan tapşırıqların icrası ilə əlaqədar struktur bölmə, birlik və müəssisələrin rəhbərlərinə xüsusi göstərişlər verdi.




Oxunub: 1914