Müdafiə Sənayesi Nazirliyində 2017-ci ilin yekunlarına həsr olunmuş kollegiya keçirildi

19.01.2018

Nazir Yavər Camalovun sədrliyi ilə keçirilən iclasda nazirliyin birlik və müəssisələrinin 2017-ci il üzrə istehsal, maliyyə-təsərrüfat fəaliyyətlərinin yekunları və qarşıda duran məsələlər geniş müzakirə edildi.

Kollegiyanın sədri Yavər Camalov respublikada əldə olunan uğurlardan danışdı. Bildirdi ki, son illər Prezident İlham Əliyevin uzagörənliyi sayəsində həyata keçirilən uğurlu islahatlar öz bəhrəsini verməkdədir. Respublikada yürüdülən iqtisadi strategiya əsasında həyata keçirilən islahatlar ölkə iqtisadiyyatının şaxələnməsində, xüsusilə, iqtisadiyyatın qeyri-neft sektorunun inkişafında öz müsbət təsirini göstərmişdir.

Nazir qeyd etdi ki, 2017-ci ildə “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” və “Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulan tədbirlərin icrası istiqamətində Müdafiə Sənayesi Nazirliyi tərəfindən bir sıra işlər görülmüşdür. Belə ki, nazirliyin müəssisələrində Tədbirlər Planında nəzərdə tutulmuş “yeni növ müdafiə təyinatlı məmulatların istehsalının genişləndirilməsi” ilə bağlı 15 məmulat üzrə təcrübi konstruktor işləri başa çatdırılmış və silahlanmaya tövsiyə olunmuşdur. Eyni zamanda, qara metal idxalının azaldılması istiqamətində görülmüş tədbirlər və mütərəqqi metodların tətbiqi nəticəsində qara metalın daxili bazar hesabına təmin edilməsi 12,3 faiz artırılmışdır.

Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan və ötən illərdə aparılan tikinti, yenidənqurma işlərindən sonra istismara verilən 56 istehsal müəssisəsi ilə yanaşı, 2017-ci ilin iyununda 2 istehsalat müəssisəsində də kompleks tamamlanma işləri başa çatdırılmış və ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin iştirakı ilə istifadəyə verilmişdir. Yaxın zamanlarda daha 2 zavodun açılışı nəzərdə tutulur.

Nazir bildirdi ki, ötən il, Silahlı Qüvvələr günü ərəfəsində Şirvan şəhərində yerləşən zavodların açılışında iştirak edən Prezident İlham Əliyevin nazirliyin yaradılması və fəaliyyəti ilə bağlı söylədiyi “Müdafiə Sənayesi Nazirliyinin yaradılmasının əsas məqsədi idxaldan asılılığı azaltmaq, yeni iş yerləri yaratmaq və Azərbaycan Silahlı Qüvvələrini müasir texnika və silahlarla təmin etmək idi. Bugünkü nailiyyətlər və reallıq onu göstərir ki, biz məqsədimizə çata bilmişik” fikirləri nazirliyin fəaliyyətinə verilən ən yüksək qiymətdir.

2017-ci ildə Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində müdafiə təyinatlı məmulatların istehsalı ilə bağlı məqsədyönlü işlər davam etdirilmişdir. Müdafiə və xüsusi təyinatlı məmulatların istehsal həcmində 2016-cı illə müqayisədə 10 faiz artım əldə olunmuşdur. Yeni nəsil silah növlərindən ”Yalquzaq” snayper tüfənginin, müxtəlif mm-lik minaatanların, müxtəlif mm-lik əl qumbaraatanının, zirehli texnikalar üçün tüstü qumbaraatan qurğusunun və tüstü qumbarasının, KXP tipli optik kollimatorun, qəlpəli minalı atəş yığımının və F-1 tipli əl qumbarasının seriyalı istehsalı təşkil olunmuşdur. Eyni zamanda, alınma texnologiya əsasında müxtəlif mm-lik kalibrli döyüş sursatları üçün müxtəlif tipli partladıcıların, avtomat və pulemyotlar üçün 4 adda lülənin istehsalat hazırlığı başa çatdırılmış və seriyalı istehsalı mənimsənilmişdir.

Hesabat dövründə respublikanın güc strukturlarının sifarişləri üzrə bağlanmış müqavilələr əsasında müxtəlif adda müdafiə təyinatlı məmulatlar istehsal edilərək sifarişçilərə təhvil verilmişdir. Bu gün Müdafiə Sənayesi Nazirliyi respublikanın güc qurumlarının sifarişlərinin icrası ilə yanaşı, 10-dan çox ölkəyə hərbi məhsul ixrac edir. 2017-ci ildə ixrac olunan məhsulun həcmi 2016-cı illə müqayisədə 2,3 dəfə artmışdır.

2017-ci ildə müdafiə təyinatlı məmulatlarla yanaşı, mülki məmulatların istehsalının genişləndirilməsi üzrə də işlər davam etdirilmişdir.

Hesabat dövründə nazirliyin müəssisələrində Müdafiə Sifarişi  Proqramına müvafiq olaraq 126 mövzunu əhatə edən 136 adda müdafiə təyinatlı məmulatın yaradılması istiqamətində təcrübi-konstruktor işləri aparılmışdır.

Nazirliyin Elmi-Tədqiqat İnstitutunda 31 mövzu, o cümlədən, müdafiə təyinatlı məmulatların yaradılmsı işləri üzrə 15 mövzu üzrə elmi-tədqiqat və təcrübi-konstruktor işləri davam etdirilmişdir. Milli Aerokosmik Agentliyi (MAKA) tərəfindən isə  müxtəlif sahələri əhatə edən 34 mövzu üzrə, o cümlədən, 17 müdafiə təyinatlı məmulatın yaradılması işləri aparılmışdır.

2017-ci ildə nazirlikdə fəaliyyət göstərən Elmi-Texniki Şuranın müvafiq bölmələrinin 2 iclası keçirilmiş, müxtəlif mövzular üzrə  müzakirələr aparılmış, bir sıra konkret təklif və rəylər qəbul edilmişdir.

Hesabat dövründə nazirliyin qarşısında qoyulan tapşırıqların vaxtında təmin edilməsi üçün dünyanın inkişaf etmiş dövlətlərinin hərbi sənaye kompleksinə daxil olan şirkət və qurumlarla hərbi-texniki sahədə əməkdaşlıq davam etdirilmişdir.

2009-cu ildən ölkə başçısının tapşırığına əsasən sərgilərə qatılan Müdafiə Sənayesi Nazirliyi 2014-cü və 2016-cı illərdə “ADEX” adı altında Azərbaycanda keçirilən beynəlxalq müdafiə sərgilərinin təşkilatçısına çevrilmişdir. Cari ildə “ADEX-2018” üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisinin yüksək səviyyədə keçirilməsi üçün təşkilati işlərə başlanılmışdır. Sonuncu dəfə 2017-ci ilin mayında Türkiyənin İstanbul şəhərində keçirilən “İDEF-2017” sərgisində 260 adda məmulat nümayiş etdirən Müdafiə Sənayes Nazirliyinin sentyabrda Bakıda keçirləcək “ADEX-2018” sərgisində yeni məmulatlar nümayiş etdirməsi nəzərdə tutulur.

İclasda nazirliyin birlik və müəssisələrinin rəhbərlərinin hesabatları dinlənildi və müəssisələrin fəaliyyətləri müzakirə edildi.

Nazir Yavər Camalov hesabat dövründə tabeli birlik və müəssisələr tərəfindən görülmüş işləri müsbət qiymətləndirdiyini bildirdi.

Nazir ölkənin müdafiə sənayesinin Prezident İlham Əliyevin hər zaman diqqətində olduğunu bir daha xatırlatdı və sahənin inkişafı ilə bağlı dövlət başçısı tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi istiqamətində struktur bölmə, birlik və müəssisə rəhbərlərinə müvafiq göstərişlər verdi.




Oxunub: 1198