Müdafiə Sənayesi Nazirliyində 2016-cı ilin yekunlarına həsr olunmuş kollegiya keçirildi

24.01.2017

Nazir Yavər Camalovun sədrliyi ilə keçirilən iclasda nazirliyin birlik və müəssisələrinin istehsal, maliyyə-təsərrüfat fəaliyyətlərinin yekunları və qarşıda duran məsələlər geniş müzakirə edildi.

Kollegiyanın sədri Yavər Camalov bildirdi ki, 2016-cı ildə dünyada və regionda təhlükələrin, risklərin, təhdidlərin artmasına, qanlı münaqişələrin, müharibələrin davam etməsinə, yeni münaqişə ocaqlarının yaranmasına baxmayaraq, Azərbaycan xalqı sülh, əmin-amanlıq şəraitində yaşamış, vahid amal uğrunda birləşərək ölkəmizi inkişaf etdirmiş, müstəqilliyimizi daha da möhkəmləndirmişdir. Dünya bazarında neftin qiymətinin üç-dörd dəfə aşağı düşməsi nəticəsində ölkə gəlirləri azalsa da Prezident İlham Əliyevin uzaqgörənliyi ilə aparılan islahatlar vəziyyətdən çıxış yolu olmuşdur. Azərbaycan iqtisadiyyatı dayanıqlılığını saxlaya bilmiş, iqtisadi sabitlik təmin edilmiş və həyata keçirilən iqtisadi islahatlar ölkənin gələcək inkişafı üçün perspektivlər açmışdır.  

Kollegiyada bildirildi ki, 2016-cı ildə aparılan məqsədyönlü işlər nəticəsində Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində müvafiq proqramlar əsasında bir sıra yeni növ müdafiə və mülki təyinatlı məmulatların yaradılması və istehsalının mənimsənilməsi istiqamətində intensiv işlər həyata keçirilmişdir.

Hesabat dövründə nəzərdə tutulan tədbirlərin icrası davam etdirilmiş, respublikanın güc strukturlarının sifarişləri üzrə bağlanmış müqavilələr əsasında müdafiə təyinatlı məmulatlar istehsal edilərək sifarişçilərə təhvil verilmişdir. Eyni zamanda, mülki məmulatların istehsalının genişləndirilməsi üzrə işlər davam etdirilmişdir.

2016-cı ildə nazirliyin müəssisələrində istehsal olunan məhsulların ümumi həcminin 86 faizini müdafiə və xüsusi təyinatlı, 14 faizini isə mülki təyinatlı məhsullar təşkil etmişdir. 2015-ci illə müqayisədə müdafiə təyinatlı məmulatların istehsalında 1,8 dəfə artım əldə olunmuşdur.

Hesabat ilində sifarişçilərə təhvil verilmiş məmulatlardan - pilotsuz uçuş aparatlarını, minaatanları, AK-74M tipli avtomatı, universal pulemyotu, xüsusi təyinatlı snayper tüfəngini, “Matador” və “Marauder” tipli zirehli transportyorları, avtomatik qumbaraatan kompleksini, zenit qurğusu üçün nişangahı, müxtəlif çaplı patronları, atəş yığımlarını, tank əleyhinə əl qumbaraatanı üçün qumbaranı, təlim aviasiya bombalarını və s. göstərmək olar.

2016-cı ilin Yaradılma Proqramına əsasən nazirliyin müəssisələri tərəfindən daxili imkanlar hesabına 4 məmulat, 53 mərhələ üzrə təcrübi-konstruktor işləri başa çatdırılmış və silahlanmaya tövsiyə olunmuşdur. 

Ötən ildə nazirliyin Elmi-Tədqiqat İnstitutu tərəfindən dövlət sifarişi xətti ilə 30 mövzu üzrə elmi-tədqiqat və təcrübi konstruktor işləri aparılmışdır. Eyni zamanda, Milli Aerokosmik Agentliyi (MAKA) tərəfindən Silahlı Qüvvələrin sifarışləri əsasında müxtəlif sahələri əhatə edən 33 mövzu üzrə elmi-tədqiqat işləri davam etdirilmişdir.

Nazirlikdə fəaliyyət göstərən Elmi-Texniki Şuranın müvafiq bölmələrinin 6 iclası keçirilmiş, iş planına daxil edilmiş müxtəlif səpgidə mövzular üzrə müzakirələr aparılmış, konkret təklif və rəylər qəbul edilmişdir.

Hesabat dövründə nazirliyin qarşısında qoyulan tapşırıqların vaxtında təmin edilməsi üçün dünyanın inkişaf etmiş dövlətlərinin hərbi sənaye kompleksinə daxil olan şirkət və qurumlarla hərbi-texniki sahədə əməkdaşlıq davam etdirilmişdir. Belə ki, 2016-cı ildə nazirliyin və tabeli birlik, müəssisələrin rəhbər işçiləri tərəfindən dünyanın 20-dən çox dövlətinin aidiyyəti qrumları ilə əlaqələr qurulmuş, əməkdaşlığın müxtəlif istiqamətləri üzrə danışıqlar aparılmışdır.

Kollegiyada qeyd olundu ki, 2009-cu ildən beynəlxalq sərgilərə qatılan Müdafiə Sənayesi Nazirliyi “ADEX-2014” sərgisi kimi “ADEX-2016” ikinci Azərbaycan Beynəlxalq müdafiə sərgisini də yüksək səviyyədə təşkil etmişdir.

Dünyanın 44 ölkəsindən 250-yə yaxın şirkət və rəsmi heyətin iştirak etdiyi “ADEX-2016” sərgisində ekspozisiya meydançasının 1000 kvadratmetrlik sahəsini əhatə edən Milli Pavilyonda Azərbaycan müdafiə sənayesinin yenilikləri nümayiş etdirilmişdir.

İlk qatıldığı beynəlxalq sərgidə 27 adda müdafiə təyinatlı məmulatla təmsil olunan Müdafə Sənayesi Nazirliyi “ADEX-2016” sərgisində 260 adda məmulat nümayiş etdirmişdir.

Sərgidə ilk dəfə nümayiş etdirilən məmulatlardan mina əleyhinə “İldırım” və “Qasırğa” zirehli maşınları, “AZAD Sistemlər” müəssisəsi tərəfindən hazırlanan pilotsuz uçuş aparatların ən yeni tipli təkmilləşdirilmiş variantları, yeni növ atıcı silahlar, tank əleyhinə idarə olunan raketlə təchiz edilmiş “Gürzə” nəzarət patrul maşını, döyüş sursatları və onların partladıcı başlıqları sərgini ziyarət edənlər tərəfindən böyük maraqla qarşılanmışdır.

Sərgi çərçivəsində hərbi-texniki əməkdaşlığın müxtəlif istiqamətləri üzrə danışıqlar aparılmış və bir sıra yeni layihələrin reallaşdırılması məsələləri müzakirə olunmuşdur.

Sərgi zamanı Müdafiə Sənayesi Nazirliyi ilə Müdafiə Nazirliyi arasında yeni növ kamikadze tipli “Zərbə” və kəşfiyyat-müşahidə xarakterli pilotsuz uçuş aparatlarının istehsal edilib Silahlı Qüvvələrin istifadəsinə verilməsinə dair memorandum imzalanmışdır.

İclasda birlik və müəssisə rəhbərlərinin hesabatları dinlənildi.

Kollegiya iclasında nazir Yavər Camalov hesabat dövründə tabeli birlik və müəssisələr tərəfindən görülmüş işləri müsbət qiymətləndirdiyini bildirdi.

Nazir ölkənin müdafiə sənayesinin inkişafının Prezident İlham Əliyevin hər zaman diqqətində olduğunu və sahə ilə bağlı dövlət başçısı tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi istiqamətində struktur bölmə, birlik və müəssisə rəhbərlərinə göstərişlər verdi.




Oxunub: 668