XVI fəsil

XVI fəsil. Normativ hüquqi aktların zamana, məkana və şəxslərə görə qüvvəsi və icrası

Maddə 86. Normativ hüquqi aktın zamana görə qüvvəsi

86.1. Normativ hüquqi akt onun mətnində digər hal nəzərdə tutulmadıqda müddətsiz qüvvədədir.
86.2. Normativ hüquqi akt və ya onun struktur elementləri üçün qüvvədə olmanın müddəti müəyyən edilə bilər. Bu halda normativ hüquqi aktda (struktur elementdə) onun qüvvədə olma müddəti və ya normativ hüquqi aktın (onun struktur elementinin) ləğv edilməsinə səbəb olan hadisə göstərilməlidir. Göstərilən müddət başa çatdıqda və ya normativ hüquqi aktda göstərilən hadisə baş verdikdə normativ hüquqi akt (onun struktur elementi) avtomatik olaraq ləğv edilir. Müəyyən edilmiş müddət başa çatana qədər normativ hüquqi aktı qəbul etmiş orqan normativ hüquqi aktın (onun struktur elementinin) qüvvəsinin yeni müddətə uzadılması və ya ona müddətsiz statusunun verilməsi haqqında qərar qəbul edə bilər.

Maddə 87. Normativ hüquqi aktın geriyə qüvvəsi

87.1. Normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII hissəsi ilə tənzimlənir.
87.2. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir.
87.3. Törədilməsi anında məsuliyyətə səbəb olmayan və ya daha yüngül məsuliyyətə səbəb olan əməllərə görə fiziki və hüquqi şəxslərin məsuliyyətinin yaranmasını və ya ağırlaşdırılmasını nəzərdə tutan normativ hüquqi aktın qüvvəsinin geriyə şamil edilməsinə yol verilmir.

Maddə 88. Normativ hüquqi aktların məkana və şəxslərə görə qüvvəsi

88.1. Normativ hüquqi aktlar Azərbaycan Respublikasının bütün ərazisində məcburi qüvvəyə malikdir.
88.2. Normativ hüquqi aktların qüvvəsi, qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə nəzərdə tutulmuş hallar istisna olmaqla, Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərə, habelə Azərbaycan Respublikasının ərazisində olan əcnəbi vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə şamil edilir.

Maddə 89. Normativ hüquqi aktın qüvvəsinin itirilməsi

89.0. Normativ hüquqi akt (onun struktur elementi) aşağıdakı hallarda öz qüvvəsini itirir:
89.0.1. normativ hüquqi aktın (onun struktur elementinin) tətbiqi müddəti başa çatdıqda;
89.0.2. normativ hüquqi akt (onun struktur elementi) Azərbaycan Respublikasının Konstitusiyası və digər qanunvericilik aktları ilə nəzərdə tutulan hallarda ləğv edildikdə;
89.0.3. normativ hüquqi akt (onun struktur elementi) Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-3-cü və 6-cı, 7-ci bəndlərində nəzərdə tutulmuş hallarla əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı ilə qüvvədən düşmüş hesab edildikdə.

Maddə 90. Normativ hüquqi aktların rəsmi şərh edilməsi qaydası

90.1. Normativ hüquqi aktın məzmununda qeyri-müəyyənliklər və fərqlər, habelə tətbiqi təcrübəsində ziddiyyətlər aşkar edildikdə həmin aktı qəbul etmiş normayaratma orqanı və ya Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi müvafiq normaları rəsmi şərh edir.
90.2. Normativ hüquqi akt şərh edildikdə onun normalarının məzmunu izah edilir və dəqiqləşdirilir, onların qanunvericilikdə yeri, habelə ictimai münasibətlərin eyni növünün müxtəlif aspektlərini tənzimləyən digər normalar ilə funksional və başqa əlaqələri müəyyən edilir.
90.3. Normativ hüquqi akt şərh edildikdən sonra aktda həmin şərh nəticəsində dəyişikliklər edilməsinə yol verilmir.
90.4. Genişləndirici və ya məhdudlaşdırıcı şərhə yalnız normativ hüquqi aktın mətni və mənası arasında açıq-aşkar fərq olanda yol verilir.
90.5. Normativ hüquqi aktın məzmununun izahı onun şərhi hesab edilmir.

Maddə 91. Normativ hüquqi aktların icrası şərtləri

Normativ hüquqi aktların qəbul edilməsində və qüvvəyə minməsindən sonra onların icrasının lazımi təşkili — qəbul edilmiş aktların məzmununun icraçıların diqqətinə vaxtında çatdırılması, aktların səlahiyyətli dövlət orqanları tərəfindən rəsmi şərhi, aktın məzmununun izahı, şərhlərin, praktiki vəsaitlərin nəşri, aktların icrasının maliyyə, maddi-texniki, hüquqi və təşkilati-texniki təminatı, aktların icra müddətlərinə əməl olunması təminatı həyata keçirilməlidir.

Maddə 92. Normativ hüquqi aktların icrasına nəzarət

Normativ hüquqi aktların icrasına nəzarət və yoxlanılması normayaratma orqanları (vəzifəli şəxslər) və müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş xüsusi orqanlar (şəxslər) tərəfindən həyata keçirilir.

Maddə 93. Normativ hüquqi aktların icrasının yoxlanılması

93.1. Normayaratma orqanları (vəzifəli şəxslər) və digər səlahiyyətli xüsusi orqanlar (şəxslər) normativ hüquqi aktların icrasına nəzarət və onun yoxlanılması, habelə müraciətlərin təhlili əsasında normativ hüquqi aktların qüvvədə olmasının keyfiyyətini, qanuniliyini və səmərəliliyini müəyyən edirlər.
93.2. Normativ hüquqi aktlarda boşluqlar, daha yüksək hüquqi qüvvəyə malik olan aktlarla ziddiyyətlər, habelə daxili ziddiyyətlər və ya digər nöqsanlar aşkar edildikdə normayaratma orqanı (vəzifəli şəxslər) onları aradan qaldırmalı, digər səlahiyyətli xüsusi orqanlar (şəxslər) isə səlahiyyətli orqanlara müvafiq normativ hüquqi aktlarda dəyişikliklər edilməsi və ya onların ləğv edilməsi barədə təkliflər verməlidirlər.

Maddə 94. Normativ hüquqi aktların icra olunmamasına görə məsuliyyət

Normativ hüquqi aktların icra olunmamasında təqsirli bilinən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun məsuliyyət daşıyırlar.