XV fəsil

XV fəsil. Normativ hüquqi aktların rəsmi dərc edilməsi və qüvvəyə minməsi

Maddə 82. Normativ hüquqi aktların rəsmi dərc edilməsi qaydası

82.1. Azərbaycan Respublikasının normativ hüquqi aktları rəsmi dərc edilməlidir.
82.2. Normativ hüquqi aktların rəsmi dərc edilməsi dedikdə, onların mətninin rəsmi dövri mətbu nəşrdə dərc edilməsi yolu ilə, ictimai radio və televiziya kanallarında səsləndirilməsi yolu ilə ümumi diqqətə çatdırılması nəzərdə tutulur. Normativ hüquqi aktların ictimai radio və televiziya kanallarında səsləndirilməsi onların rəsmi dövri mətbu nəşrdə dərc edilməsini əvəz etmir.
82.3. Normativ hüquqi aktların rəsmi dərc edilməsi dövlət dilində həyata keçirilir.
82.4. Normativ hüquqi aktın digər dillərdə rəsmi dərc olunmasına yalnız həmin aktın müvafiq dövlət orqanı tərəfindən bu aktın qəbul edilməsi üçün müəyyən edilmiş qaydada təsdiq edilmiş müvafiq dilə tərcüməsi mövcud olduqda yol verilir.
82.5. Normativ hüquqi aktın rəsmi dərc edilməsi tarixi bu aktın yerləşdirildiyi rəsmi dövri mətbu nəşrin çıxdığı (ictimai radio və televiziya kanallarında səsləndirildiyi) gün hesab olunur.
82.6. Bu Konstitusiya Qanununun 85.1-ci maddəsində göstərilən normativ hüquqi aktlardan biri ayrı-ayrı vaxtlarda bir neçə üsulla rəsmi dərc edildikdə normativ hüquqi aktın rəsmi dərc edilməsi və qüvvəyə minməsi tarixi onun ilk dərc edilməsi tarixi ilə müəyyən edilir.
82.7. Normativ hüquqi aktların dövlət sirrini əks etdirən ayrı-ayrı müddəaları dərc edilmir.
82.8. Ayrı-ayrı müddəaları dövlət sirrini əks etdirən normativ hüquqi aktlar istisna olmaqla, natamam normativ hüquqi aktların dərc edilməsinə yol verilmir.
82.9. Normativ hüquqi aktlar onların məcburi rekvizitləri göstərilməklə dərc edilir.
82.10. Naxçıvan Muxtar Respublikasının normativ hüquqi aktlarının rəsmi dərc edilməsi qaydası Naxçıvan Muxtar Respublikasının qanunu ilə müəyyən edilir.

Maddə 83. Normativ hüquqi aktın rəsmi dərc edilmə müddətləri və şərtləri

83.1. Qanunlar və fərmanlar Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalandıqdan sonra 72 saat müddətində rəsmi dərc edilməlidir.
83.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları qəbul edildikdən sonra 72 saat müddətində rəsmi dərc edilməlidir.
83.3. Digər normativ hüquqi aktlar Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsindən sonra hökmən rəsmi dərc edilməlidir.
83.4. Səlahiyyətli dövlət orqanlarından rəsmi nəşr orqanlarına (Hüquqi Aktların Dövlət Reyestrinin nəşri istisna olmaqla) daxil olmuş normativ hüquqi aktlar, bu Konstitusiya Qanununun 83.1-ci və 83.2-ci maddələrində nəzərdə tutulmuş normativ hüquqi aktlar istisna olmaqla, onların daxil olduğu gündən 5 gün gec olmayaraq dərc edilməlidir.

Maddə 84. Normativ hüquqi aktların qeyri-rəsmi nəşrlərdə və digər kütləvi informasiya vasitələrində açıqlanması

84.1. Normativ hüquqi aktlar qeyri-rəsmi nəşrlərdə dərc edilə, habelə televiziya və radio ilə ümumi diqqətə çatdırıla, məlumat yayılmasının digər üsulları ilə ötürülə bilər.
84.2. Natamam normativ hüquqi aktlar «Çıxarış» qeydi ilə dərc edilə bilər.
84.3. Normativ hüquqi aktların qeyri-rəsmi nəşrlərdə dərc edilməsi qeyri-rəsmi hesab edilir.
84.4. Normativ hüquqi aktın qeyri-rəsmi dərc edilməsi yalnız onun hüquqi məlumatın yayılması üzrə fəaliyyətə irəli sürülən tələblərə əməl olunmaqla rəsmi dərc edilməsindən sonra həyata keçirilir. Bu zaman hər bir normativ hüquqi akt üçün rəsmi dərc edilmə mənbəyi, habelə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq hüquqi məlumatın yayılması üçün xüsusi razılığa (lisenziyaya) zərurət olduqda, hüquqi məlumatın yayılması üçün belə xüsusi razılığın (lisenziyanın) verilmə nömrəsi və tarixi hökmən göstərilir.

Maddə 85. Normativ hüquqi aktların qüvvəyə minməsi

85.1. Qanunlar, fərmanlar və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda onların rəsmi dərc edildiyi gündən qüvvəyə minir.
85.2. Bu Konstitusiya Qanununun 85.1-ci maddəsində göstərilən aktlar istisna olmaqla, digər normativ hüquqi aktlar, həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.
85.3. Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə daha artıq müddət müəyyən edilməyibsə, xarici ticarət fəaliyyətini tənzimləyən normativ hüquqi aktda onun dərc edildiyi gündən 30 gün sonra qüvvəyə mindiyi göstərilməlidir. Müstəsna hallarda, beynəlxalq təşkilatların dərhal məlumatlandırılması şərti ilə, xarici ticarət fəaliyyətini tənzimləyən normativ hüquqi akt onda nəzərdə tutulmuş müddətdə qüvvəyə minə bilər.