XIV fəsil

XIV fəsil. Azərbaycan Respublikasının hüquqi aktların dövlət reyestri

Maddə 78. Hüquqi aktların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi qaydası

78.1. Hüquqi aktlar aparılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təmin edilən Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə (bundan sonra — Hüquqi Aktların Dövlət Reyestri) daxil edilməlidir.
78.2. Hüquqi aktlar onları qəbul etmiş dövlət orqanı tərəfindən Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmək məqsədi ilə həmin aktların qəbul edildiyi gündən üç gün keçənədək göndərilir.
78.3. Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmək məqsədi ilə hüquqi aktlar kağız daşıyıcısında onların əslinin həqiqi surəti formasında və eyni zamanda elektron daşıyıcılarında mətn faylları formasında təqdim edilir.
78.4. Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmiş hüquqi aktlara Dövlət Reyestrinin qeydiyyat nömrəsi verilir.
78.5. Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi məqsədi ilə təqdim edilən mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına və normativ xarakterli aktlara müvafiq hüquqi ekspertizanın rəyi əlavə olunur.
78.6. Naxçıvan Muxtar Respublikasının dövlət və yerli özünüidarə orqanlarının hüquqi aktları Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməlidir. Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestri Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin tərkib hissəsi hesab olunur.

Maddə 79. Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilən hüquqi aktların rekvizitləri

79.1. Hüquqi Aktların Dövlət Reyestrinə hüquqi aktların aşağıdakı rekvizitləri daxil edilir:
79.1.1. aktın növü;
79.1.2. qəbul edildiyi tarix;
79.1.3. qeydiyyat nömrəsi;
79.1.4. adı;
79.1.5. rəsmi dərc edildiyi mənbə (bu Konstitusiya Qanununun 85.1-ci maddəsində göstərilən aktlara münasibətdə);
79.1.6. qüvvəyə minmə tarixi;
79.1.7. Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu (kodları);
79.1.8. Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi;
79.1.9. hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix.
79.2. Dəyişikliklər edilmiş, ləğv edilmiş və ya qüvvədən düşmüş hüquqi aktlar üzrə Hüquqi Aktların Dövlət Reyestrinə həmin aktlarda dəyişikliklər etmiş, onları ləğv etmiş və ya qüvvədən düşmüş hesab etmiş hüquqi aktın rekvizitləri, habelə Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi və hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmə tarixi göstərilməklə müvafiq qeyd daxil edilir.
79.3. Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmiş hüquqi aktların mətnləri rəsmi dərc edilmiş hüquqi aktların mətnləri ilə birgə istinad üçün rəsmi mənbə hesab olunur.
79.4. Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmiş və rəsmi dərc edilmiş hüquqi aktların mətnləri arasında ziddiyyət olarsa, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmiş hüquqi aktın mətninə üstünlük verilir.

Maddə 80. Hüquqi Aktların Dövlət Reyestrinin strukturu

80.0. Hüquqi Aktların Dövlət Reyestri aşağıdakı bölmələrdən və fəsillərdən ibarətdir:
80.0.1. I bölmə — «Normativ hüquqi aktlar»:
80.0.1.1. 1-ci fəsil — «Azərbaycan Respublikasının Konstitusiyası, referendum aktları və konstitusiya qanunları;
80.0.1.2. 2-ci fəsil — «Azərbaycan Respublikasının qanunları»;
80.0.1.3. 3-cü fəsil — «Azərbaycan Respublikası Prezidentinin fərmanları»;
80.0.1.4. 4-cü fəsil — «Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları»;
80.0.1.5. 5-ci fəsil — «Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları».
80.0.2. II bölmə — «Normativ xarakterli aktlar»:
80.0.2.1. «Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-7-ci bəndlərinə və IV hissəsinə əsasən qəbul edilmiş və hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə olunması haqqında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları»;
80.0.2.2. «Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarları, təlimatları və izahları»;
80.0.2.3. «Azərbaycan Respublikası Mərkəzi Bankının qərarları»;
80.0.2.4. «Məhkəmə-Hüquq Şurasının qərarları»;
80.0.2.5. «Milli Televiziya və Radio Şurasının qərarları»;
80.0.2.6. «Yerli özünüidarə orqanlarının qərarları»;
80.0.2.7. «Yerli icra hakimiyyəti orqanlarının qərarları».
80.0.3. III bölmə — «Qeyri-normativ hüquqi aktlar»:
80.0.3.1. «Azərbaycan Respublikası Milli Məclisinin qərarları»;
80.0.3.2. «Azərbaycan Respublikası Prezidentinin sərəncamları»;
80.0.3.3. «Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamları».

Maddə 81. Hüquqi Aktların Dövlət Reyestrinin nəşri

Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilən məlumatlar 3 ayda bir dəfə toplu şəklində dərc edilməlidir.