XII fəsil

XII fəsil. Normativ hüquqi aktın layihəsinə baxılması və onun qəbul edilməsi

Maddə 70. Normativ hüquqi aktın layihəsinə baxılması

70.1. Müəyyən edilmiş qaydada təqdim edilmiş normativ hüquqi aktın layihəsinə normayaratma orqanı tərəfindən baxılmalıdır.
70.2. Normayaratma orqanı normativ hüquqi aktın layihəsinə baxdıqdan sonra aşağıdakılardan birini edə bilər:
70.2.1. normativ hüquqi aktın layihəsinin bəyənilməsi və qəbul edilməsi;
70.2.2. əsaslar və səbəblər göstərilməklə layihənin rədd edilməsi;
70.2.3. normativ hüquqi aktın layihəsinin qəbul edilməsinin müəyyən müddətə təxirə salınması;
70.2.4. irad və təkliflər göstərilməklə layihənin yenidən işlənilmək üçün qaytarılması.
70.3. Qanun layihələrinə Azərbaycan Respublikasının Milli Məclisində üç oxunuşda baxılır.

Maddə 71. Normativ hüquqi aktın layihəsinin geri çağırılması

71.1. Normayaratma təşəbbüsünün subyekti təqdim etdiyi normativ hüquqi aktın layihəsini, zərurət olduqda, həmin layihə qəbul edilənədək geri çağırmaq hüququna malikdir.
71.2. Qanunvericilik təşəbbüsü hüququnun subyekti Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə təqdim etdiyi qanun layihəsini onun üçüncü oxunuşda baxılmasına qədər geri çağırmaq hüququna malikdir.

Maddə 72. Normativ hüquqi aktın qəbul edilməsi qaydası

72.1. Normativ hüquqi akt ona baxılmasından sonra normayaratma orqanı tərəfindən müvafiq normativ hüquqi aktlarla müəyyən edilmiş prosedura əməl edilməklə qəbul edilir.
72.2. Normativ hüquqi akt normayaratma orqanı tərəfindən dövlət dilində qəbul edilir.

Maddə 73. Qanunvericilik təşəbbüsü hüququnun həyata keçirilməsinin təminatları

73.1. Qanunvericilik təşəbbüsü hüququnun subyekti və ya onun səlahiyyətli nümayəndəsi Azərbaycan Respublikasının Milli Məclisində layihə üzərində aparılan işdə iştirak etmək hüququna malikdir.
73.2. Qanun layihəsi Azərbaycan Respublikasının Milli Məclisində layihədə edilmiş dəyişikliklərlə birlikdə aşağıdakılarla razılaşdırılmalıdır (rəy alınmalıdır):
73.2.1. qanun layihəsini təqdim etmiş qanunvericilik təşəbbüsü hüququnun subyekti ilə;
73.2.2. dəyişikliklər edilməsi dövlət vəsaitlərinin ixtisar edilməsinə, xərclərin yaranmasına və ya artırılmasına səbəb ola bildikdə Azərbaycan Respublikasının Prezidenti ilə və ya onun tapşırığı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə.
73.3. Bu Konstitusiya Qanununun 46.2-ci maddəsi ilə nəzərdə tutulan razılaşdırılma (rəy) nəticəsində Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilmiş dəyişikliklər qanun layihəsinin alındığı gündən on dörd gün keçənədək bu şərtlə həyata keçirilir ki, həmin qanun layihəsi üzrə məcburi hüquqi ekspertizanın keçirilməsi və qanun layihəsinə baxılmasının təcili elan edilməsi ayrı müddət tələb etməsin. Əlavə məlumatın alınması zərurəti olduqda, habelə xüsusilə mürəkkəb qanun layihələri üzrə rəyin hazırlanması və razılaşdırılmanın keçirilməsi (rəyin hazırlanması) üçün daha uzun müddət müəyyən edilə bilər.
73.4. Rəyə göndərilmədən və razılaşdırılmadan müvafiq qanun layihəsində dəyişikliklər (texniki xarakter daşıyan dəyişikliklər istisna olmaqla) edilməsinə yol verilmir.
73.5. Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunmuş qanun layihəsində dəyişikliklər edilmədikdə qanun layihəsi qanunvericilik təşəbbüsü hüququnun subyekti ilə təkrar razılaşdırılmır.
73.6. Azərbaycan Respublikasının Milli Məclisində birinci, ikinci və üçüncü oxunuşlarda baxılması üçün tam hazırlanmış qanun layihəsi qanunvericilik təşəbbüsü hüququnun subyektinə təqdim edilir.

Maddə 74. Normativ hüquqi aktın imzalanması

74.1. Normativ hüquqi aktın rəsmi imzalanması aşağıdakılar tərəfindən həyata keçirilir:
74.1.1. qanunlar və fərmanlar — Azərbaycan Respublikasının Prezidenti;
74.1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları — Azərbaycan Respublikasının Baş naziri;
74.1.3. digər normativ hüquqi aktlar — aktı qəbul etmiş orqanın rəhbəri;
74.1.4. Azərbaycan Respublikasının qanunvericilik aktları ilə digər hal nəzərdə tutulmadıqda, aktı qəbul etmiş orqanın rəhbəri olmadıqda, onun vəzifələrini icra edən şəxs.
74.2. Qanun Azərbaycan Respublikasının Prezidentinə imzalanmaq üçün təqdim edildikdə qanunun ikinci nüsxəsinin son səhifəsində Azərbaycan Respublikası Milli Məclisinin sədrinin və ya onu əvəz edən şəxsin vizası qoyulur.