IX fəsil

IX fəsil. Normativ hüquqi aktın layihəsinin, qanunun məcburi hüquqi ekspertizası

Maddə 49. Normativ hüquqi aktın layihəsinin, qanunun məcburi hüquqi ekspertizasının keçirilməsi qaydası

49.1. Normativ hüquqi aktın layihəsi və Azərbaycan Respublikasının Prezidentinə imzalanmaq üçün təqdim edilən qanun məcburi hüquqi ekspertizadan keçirilməlidir.
49.2. Məcburi hüquqi ekspertiza, normativ hüquqi aktın növündən asılı olaraq, aşağıdakı qaydada keçirilir:
49.2.1. qanun layihələri — Azərbaycan Respublikası Milli Məslisinin işinin təşkilati təminatını həyata keçirən qurumun səlahiyyətli struktur bölməsi tərəfindən;
49.2.2. Azərbaycan Respublikasının Prezidentinə təqdim edilən normativ hüquqi aktların layihələri və imzalanmaq üçün təqdim edilən qanunlar — Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının səlahiyyətli struktur bölməsi tərəfindən;
49.2.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar layihələri — Azərbaycan Respublikası Nazirlər Kabinetinin işinin təşkilati təminatını həyata keçirən qurumun səlahiyyətli struktur bölməsi tərəfindən;
49.2.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələri — həmin orqanların hüquq xidmətləri tərəfindən.

Maddə 50. Normativ hüquqi aktların layihələrinə dair ümumi tələblər

50.0. Normativ hüquqi aktın layihəsinə dair ümumi tələblər aşağıdakılardır:
50.0.1. bu Konstitusiya Qanununun 8-ci maddəsində müəyyən edilən prinsiplərə uyğunluğu;
50.0.2. normativ hüquqi aktın normalarının normativ hüquqi aktın məqsəd və vəzifələrinə uyğunluğu;
50.0.3. normativ tənzimləmə predmetinə uyğunluğu;
50.0.4. normativ hüquqi aktın formasının və mahiyyətinin uyğunluğu;
50.0.5. daxili strukturun məntiqliliyi;
50.0.6. daxil edilməsi nəzərdə tutulan normaların qarşılıqlı ziddiyyətsizliyi;
50.0.7. bir dövlət orqanının digər dövlət orqanının səlahiyyətlərinə müdaxilə etməməsi;
50.0.8. normativ hüquqi aktın müvafiq səlahiyyətə malik olan normayaratma orqanı tərəfindən öz səlahiyyəti daxilində qəbul edilməsi;
50.0.9. normativ hüquqi aktın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və formada qəbul edilməsi;
50.0.10. normayaratma texnikasına uyğunluğu;
50.0.11. bu Konstitusiya Qanununun 37-ci maddəsinin tələblərinə riayət olunması.

Maddə 51. Məcburi hüquqi ekspertizanın rəyi

51.1. Məcburi hüquqi ekspertizanın rəyi bu Konstitusiya Qanununa əlavə olunmuş 1 nömrəli Əlavəyə uyğun tərtib edilir.
51.2. Normativ hüquqi aktın layihəsinə dair məcburi hüquqi ekspertizanın rəyində aşağıdakı nəticələrdən biri göstərilməlidir:
51.2.1. normativ hüquqi aktın layihəsi rədd edilir;
51.2.2. normativ hüquqi aktın layihəsi yenidən işlənilməsi üçün normayaratma təşəbbüsünün subyektinə qaytarılır;
51.2.3. normativ hüquqi aktın layihəsi dəstəklənir.
51.3. Qanuna dair məcburi hüquqi ekspertizanın rəyində, onun Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanması və ya imzalanmadan öz etirazları ilə birlikdə Azərbaycan Respublikasının Milli Məclisinə qaytarılması təklif edilir.

Maddə 52. Məcburi hüquqi ekspertizanın keçirilməsinin ardıcıllığı

Normativ hüquqi aktın layihəsinin, qanunun məcburi hüquqi ekspertizası məcburi linqvistik ekspertizadan və digər ekspertizalardan əvvəl keçirilməlidir.