VIII fəsil

VIII fəsil. Normayaratma prosesi

Maddə 37. Hüquq sisteminin sabitliyi

Qanunlarla və ya fərmanlarla digər hal nəzərdə tutulmadıqda, normativ hüquqi aktda onun qəbul edilməsindən sonra 6 aydan tez müddətdə dəyişikliklər edilməsinə daha yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi aktın tələbləri və ya normativ hüquqi aktın hüquqi, linqvistik, iqtisadi, ekoloji, kriminoloji və ya maliyyə ekspertizasının rəyi əsasında yol verilir.

Maddə 38. Qanunvericilik təşəbbüsü hüququnun subyektləri

Qanunvericilik təşəbbüsü hüququ Azərbaycan Respublikası Konstitusiyasının 96-cı maddəsi ilə müəyyən edilmiş subyektlərə mənsubdur.

Maddə 39. Normayaratma təşəbbüsünün subyektləri

39.1. Normayaratma təşəbbüsünün subyektləri onlara verilmiş səlahiyyətlərə uyğun olaraq normativ hüquqi aktın layihəsinin və ya onun hər hansı struktur elementinin qəbul olunması, aktda dəyişikliklər edilməsi, aktın şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi zərurəti haqqında təklifi bu Konstitusiya Qanununun 48-ci maddəsinə uyğun olaraq normayaratma orqanına təqdim etmək hüququ olan subyektlərdir.
39.2. Normayaratma təşəbbüsünün subyekti olmayan dövlət orqanları və vəzifəli şəxslər, habelə fiziki və hüquqi şəxslər normativ hüquqi aktın qəbul edilməsi ilə bağlı təkliflərini və ya normativ hüquqi aktın layihəsini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq səlahiyyətlərə malik olan dövlət orqanlarına təqdim edə bilərlər. Bu halda bu Konstitusiya Qanununun 48-ci maddəsinə riayət olunmaya bilər.

Maddə 40. Normayaratma prosesinin mərhələləri

40.0. Normayaratma prosesi aşağıdakı mərhələlərdə, müəyyən olunmuş prosedura əməl etməklə həyata keçirilir:
40.0.1. normayaratma fəaliyyətinin planlaşdırılması;
40.0.2. normayaratma təşəbbüsü (normativ hüquqi aktın layihəsinin hazırlanması);
40.0.3. normativ hüquqi aktın qəbul edilməsi;
40.0.4. normativ hüquqi aktın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi;
40.0.5. normativ hüquqi aktın dərc edilməsi.

Maddə 41. Normativ hüquqi aktların layihələrinin hazırlanmasının planlaşdırılması

41.1. Normativ hüquqi aktların layihələrinin hazırlanması planlı əsasda həyata keçirilir.
41.2. Normativ hüquqi aktların layihələrinin hazırlanmasının planlaşdırılmasına normayaratma orqanları tərəfindən aşağıdakıların təsdiq edilməsi daxildir:
41.2.1. normativ hüquqi aktların layihələrinin hazırlanması haqqında müddəaları əks etdirən dövlət proqramları;
41.2.2. qanun layihələrinin hazırlanmasının illik planları və normativ hüquqi aktların layihələrinin hazırlanmasının digər planları.

Maddə 42. Normativ hüquqi aktların layihələrinin hazırlanması planlarının tərtib edilməsi qaydası

42.1. Müvafiq olaraq Azərbaycan Respublikasının Milli Məclisi və Azərbaycan Respublikasının Prezidenti qanun layihələrinin hazırlanmasının qarşılıqlı razılaşdırılmış illik planını tərtib edir. Qanun layihələrinin hazırlanmasının illik planında əhəmiyyətli və mürəkkəb qanun layihələrinin konsepsiyalarının hazırlanması nəzərdə tutula bilər.
42.2. Normayaratma orqanları dövlət proqramları və ya qanun layihələrinin hazırlanmasının illik planı əsasında normativ hüquqi aktların layihələrinin hazırlanması ilə bağlı öz planlarını tərtib və təsdiq edə bilərlər.
42.3. Normativ hüquqi aktların layihələrinin hazırlanması planları tərtib edilərkən normayaratma fəaliyyətinin subyektlərinin, digər maraqlı orqanların, elmi təşkilatların, habelə digər fiziki və hüquqi şəxslərin təklifləri nəzərə alına bilər.

Maddə 43. Dövlət proqramlarının və normativ hüquqi aktların layihələrinin hazırlanması planlarının həyata keçirilməsinə nəzarət

Dövlət proqramlarının və normativ hüquqi aktların layihələrinin hazırlanması planlarının həyata keçirilməsinə onları təsdiq etmiş normayaratma orqanları nəzarət edirlər.

Maddə 44. Normativ hüquqi aktların layihələrinin hazırlanmasının planlaşdırılması üzrə fəaliyyətdə aşkarlığın təmin edilməsi

44.1. Dövlət proqramları və normativ hüquqi aktların layihələrinin hazırlanması planları onları təsdiq etmiş normayaratma orqanlarının aktları üçün nəzərdə tutulmuş qaydada təsdiq və dərc edilir.
44.2. Təsdiq edilmiş dövlət proqramları və normativ hüquqi aktların layihələrinin hazırlanması planları məlumat üçün əlaqədar dövlət orqanlarına göndərilir.

Maddə 45. Normativ hüquqi aktın layihəsinin hazırlanması qaydası

45.1. Normativ hüquqi aktın layihəsinin hazırlanmasına aşağıdakılar daxil edilə bilər:
45.1.1. normayaratma təşəbbüsünə baxılması və layihənin hazırlanması üzrə qərarın qəbul edilməsi;
45.1.2. layihənin hazırlanmasının təşkilati-texniki və maliyyə təminatı;
45.1.3. zəruri materialların və məlumatların toplanması;
45.1.4. layihənin konsepsiyasının hazırlanması;
45.1.5. layihənin mətninin tərtib edilməsi;
45.1.6. layihənin razılaşdırılması;
45.1.7. hüquqi, linqvistik, maliyyə və digər zəruri ekspertizaların keçirilməsi.
45.2. Normayaratma orqanı normativ hüquqi aktın layihəsinin hazırlanmasını müstəqil surətdə həyata keçirə və ya normayaratma təşəbbüsünün digər subyektinin səlahiyyətlərinə aid edilən məsələlər üzrə həmin subyektə tapşıra bilər, habelə layihənin hazırlanmasına müvafiq mütəxəssisləri cəlb edə, bunun üçün xüsusi yaradılmış müvəqqəti komissiyalara və ya işçi qruplarına tapşırıq verə bilər.
45.3. Normativ hüquqi aktın layihəsi müvafiq dövlət orqanının hüquq xidmətinin mütləq iştirakı ilə hazırlanır.

Maddə 46. Normativ hüquqi aktın layihəsinin razılaşdırılması

46.1. Normativ hüquqi aktın layihəsinin razılaşdırılması Azərbaycan Respublikasının qanunvericiliyi ilə məcburi olduqda, habelə normativ hüquqi aktda Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada digər dövlət orqanları ilə bağlı normativ göstərişlər və (və ya) tapşırıqlar olduqda həmin layihə normayaratma orqanına təqdim edilməzdən əvvəl maraqlı dövlət orqanları ilə razılaşdırılmalıdır.
46.2. Normativ hüquqi aktın layihəsinin razılaşdırılması aşağıdakı vasitələrlə həyata keçirilir:
46.2.1. dövlət orqanı tərəfindən mövcud irad və təkliflər əsaslandırılmaqla və ya təklif edilən normativ göstərişlərlə razılaşmadıqda, normativ hüquqi aktın layihəsi və ya onun ayrıca struktur elementi normayaratma texnikasının müəyyən edilmiş qaydalarına uyğun əlavə olunmaqla müvafiq layihəyə dair yazılı formada razılığın verilməsi və verilməməsi;
46.2.2. dövlət orqanının rəhbəri tərəfindən normativ hüquqi aktın layihəsinin vizalanması (ona dair irad və təkliflər olduqda onları əsaslandırmaqla və normativ hüquqi aktın layihəsi və ya onun ayrıca struktur elementinin təklif edilən redaksiyası normayaratma texnikasının müəyyən edilmiş qaydalarına uyğun əlavə edilməklə).
46.3. Normativ hüquqi aktın layihəsinin razılaşdırılması zamanı hüquqi cəhətdən əsaslandırılmamış irad və təkliflərə baxılmır.
46.4. Azərbaycan Respublikası Prezidentinin və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktlarında digər hal nəzərdə tutulmadıqda, normativ hüquqi aktın layihəsinin razılaşdırılması zamanı dövlət orqanı tərəfindən müvafiq layihəyə dair razılıq verilməsi və ya verilməməsi layihənin müəyyən olunmuş qaydada alındığı gündən ən geci 60 gün keçənədək, onun vizalanması isə ən geci 5 gün keçənədək həyata keçirilir.
46.5. Razılaşdırılma haqqında məlumat bu Konstitusiya Qanununun 46.4-cü maddəsi ilə müəyyən edilmiş müddətdə təqdim edilmədikdə və bu zaman razılaşdırılma müddətinin uzadılması zərurəti və ya bu müddətin uzadılmasından imtina edilməsi əsaslandırılmaqla razılaşdırılma müddətinin uzadılması haqqında təklif olmadıqda, normativ hüquqi aktın layihəsi razılaşdırılmış hesab olunur.
46.6. Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilmiş qanun layihəsi bütün maraqlı dövlət orqanları ilə razılaşdırılmış hesab olunur.
46.7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının layihəsi mərkəzi icra hakimiyyəti orqanları ilə razılaşdırılmalıdır, mərkəzi icra hakimiyyəti orqanının normativ hüquqi aktının layihəsi isə əlaqədar mərkəzi icra hakimiyyəti orqanları ilə razılaşdırılmalıdır.

Maddə 47. Normativ hüquqi aktın layihəsinin ekspertizası

Bu Konstitusiya Qanunu ilə ekspertizanın məcburi qaydada keçirilməsi nəzərdə tutulan hallar istisna olmaqla, normayaratma orqanının və ya Azərbaycan Respublikasının qanunvericilik aktları ilə səlahiyyətlər verilmiş digər dövlət orqanının qərarı ilə normativ hüquqi aktın layihəsi başqa ekspertizadan (maliyyə, iqtisadi, ekoloji, kriminoloji və s.) keçirilə bilər.

Maddə 48. Normativ hüquqi aktın layihəsinin normayaratma orqanına təqdim edilməsi

48.1. Normativ hüquqi aktın layihəsinin normayaratma orqanına təqdim edilməsi qaydası bu Konstitusiya Qanunu, Azərbaycan Respublikasının digər qanunvericilik aktları və müvafiq normayaratma orqanının aktları ilə müəyyən edilir.
48.2. Normayaratma orqanına təqdim edilən normativ hüquqi aktın layihəsinə, onun növündən asılı olaraq, aşağıdakılar əlavə edilir:
48.2.1. müşayiət məktubu və normativ hüquqi aktın qəbul edilməsi zərurətinin əsaslandırılması, o cümlədən maliyyə-iqtisadi əsaslandırılması;
48.2.2. normativ hüquqi aktın layihəsinin razılaşdırılması (vizalanması) haqqında məlumatı əks etdirən sənədlər;
48.2.3. normativ hüquqi aktın layihəsinə dair ekspert rəyləri;
48.2.4. normativ hüquqi aktın layihəsini hazırlamış şəxslərin siyahısı;
48.2.5. normativ hüquqi aktın layihəsinə aid digər sənədlər (layihəni təqdim edən subyektin qərarına əsasən).
48.3. Normativ hüquqi aktın qəbul olunması zərurətinin əsaslandırılmasına aşağıdakılar barədə məlumatlar daxil edilməlidir:
48.3.1. normativ hüquqi aktın layihəsinin hazırlanmasının məqsədləri, onun mövcud hüquqi tənzimləmədə dəyişikliklər edən struktur elementlərinin hüquqi tənzimləmə predmeti;
48.3.2. Azərbaycan Respublikası qanunvericiliyinin və onun tətbiqi təcrübəsinin, xarici dövlətlərin qanunvericiliyinin, kütləvi informasiya vasitələrində dərc olunmuş materialların, normativ hüquqi aktın layihəsinin hüquqi tənzimləmə predmetinə dair fiziki və hüquqi şəxslərin müraciətlərinin aparılmış təhlili;
48.3.3. normativ hüquqi aktın qəbul edilməsinin ehtimal olunan nəticələrinin proqnozlaşdırılması;
48.3.4. normativ hüquqi aktın qəbul edilməsi ilə əlaqədar ləğv edilməli, dəyişikliklər edilməli, habelə hazırlanmalı olan normativ hüquqi aktların (onların struktur elementlərinin) siyahısı.
48.4. Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilən qanun layihəsinə layihənin redaksiyasına dair ekspert rəyləri əlavə olunur. Bu zaman layihədə texniki xarakter daşıyan dəyişikliklər edildikdə layihə təkrar ekspert rəylərinin alınması üçün göndərilmir.
48.5. Qanunda dəyişikliklər edilməsi haqqında qanun layihələrinə maddənin və ya qanunun digər struktur elementinin redaksiyası və layihə ilə qanuna təklif edilən dəyişikliklər nəzərə alınmaqla maddənin və ya qanunun digər struktur elementinin redaksiyası göstərilməklə müqayisəli cədvəl əlavə olunur.
48.6. Azərbaycan Respublikasının Milli Məclisinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təqdim edilən qanun layihəsinə yalnız müşayiət məktubu əlavə olunur və bu Konstitusiya Qanununun 48.3-cü və 48.4-cü maddələrində göstərilən sənədlər Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında saxlanılır.
48.7. Normativ hüquqi aktın layihəsi normayaratma orqanına kağız daşıyıcısında və eyni zamanda elektron daşıyıcılarında mətn faylları formasında təqdim edilir.