III fəsil

III fəsil. Qanunvericilikdə boşluqlar

Maddə 13. Hüququn analogiyasından və qanunun analogiyasından istifadə olunması qaydası

13.1. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər.
13.2. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
13.3. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir.
13.4. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarını tapmaq mümkün olmadıqda hüququn analogiyasından istifadə edilir. Bu zaman Azərbaycan Respublikasının Konstitusiyasında və qanunlarda təsbit edilmiş hüququn konkret sahələrinə aid prinsiplərdən və hüququn ümumi prinsiplərindən istifadə olunur. Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır.
13.5. Cinayət, inzibati xətalar və vergi qanunvericiliyində, məsuliyyətə cəlb olunma, hüquqların məhdudlaşdırılması və vəzifələrin müəyyən edilməsi hallarında hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilməz.

Maddə 14. Qanunvericilikdə boşluqların aşkar edilməsi

14.0. Qanunvericilikdə boşluqlar aşkar edilərkən aşağıdakılar nəzərə alınmalıdır:
14.0.1. faktiki hal hüquqi tənzimləmə dairəsinə aid olmalıdır;
14.0.2. konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmamalıdır;
14.0.3. faktiki hal qanunvericilikdə qismən tənzimlənməlidir (tam tənzimlənməməlidir).

Maddə 15. Hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə olunması haqqında qərar

15.1. Qanunvericilikdə boşluqları aşkar edən və bu Konstitusiya Qanununun 14-cü maddəsini tətbiq edən subyekt konkret ictimai münasibətlərin tənzimlənməsinin səlahiyyətlərinə aid edildiyi normayaratma orqanına bu barədə məlumat verməlidir.
15.2. Hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə olunması haqqında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.

Maddə 16. Hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə olunmasını istisna edən hallar

16.0. Aşağıdakı hallarda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilməz:
16.0.1. qanunvericilikdə boşluqlar zahiri xarakter daşıdıqda;
16.0.2. normativ tənzimləmə zərurəti olmadıqda;
16.0.3. normativ tənzimləmə qanunla qadağan olunduqda;
16.0.4. normativ tənzimləmə mövcud olduqda.