I fəsil

I fəsil. Ümumi müddəalar

Maddə 1. Bu Konstitusiya Qanununda istifadə olunan əsas anlayışlar

1.0. Bu Konstitusiya Qanununda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.0.1. normativ hüquqi akt — tənzimlənməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə, qanunla və ya fərmanla dövlət orqanının səlahiyyətlərinə aid edilən məsələlər üzrə həmin dövlət orqanı tərəfindən və ya referendum yolu ilə qəbul edilmiş, hamı üçün məcburi davranış qaydalarını əks etdirən, qeyri-müəyyən subyektlər dairəsi üçün və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəd;
1.0.2. qanunvericilik aktları — Azərbaycan Respublikasının qanunvericilik sistemini təşkil edən normativ hüquqi aktlar;
1.0.3. normativ xarakterli akt — bu Konstitusiya Qanununda nəzərdə tutulan dövlət və ya yerli özünüidarə orqanı tərəfindən qəbul edilmiş, məhdud subyektlər dairəsi üçün məcburi davranış qaydalarını əks etdirən və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəd;
1.0.4. hüquqi akt — normativ hüquqi akt, normativ xarakterli akt və ya qeyri-normativ hüquqi akt;
1.0.5. qanunvericiliyin sistemləşdirilməsi — normativ hüquqi aktların nizama salınması, onların daxili uzlaşdırılmış vahid sistemə çevrilməsi üzrə fəaliyyət;
1.0.6. inkorporasiya — normativ hüquqi aktların məzmunu dəyişdirilmədən müəyyən qaydada toplularda (külliyyatlarda) birləşdirilməsi;
1.0.7. məcəllələşdirmə — normativ hüquqi aktların forma və məzmun baxımından yenidən işlənməsi yolu ilə vahid normativ hüquqi aktlarda birləşdirilməsi;
1.0.8. qanunlar külliyyatı — Azərbaycan Respublikasının qanunvericiliyini özündə birləşdirən sistemləşdirilmiş toplu;
1.0.9. qanunvericilikdə boşluqlar — konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarının olmaması;
1.0.10. qanunun analogiyası — konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarının tətbiq edilməsi;
1.0.11. hüququn analogiyası — yalnız konkret ictimai münasibətləri deyil, həm də oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə qanunvericiliyin məğzinin, hüququn ümumi prinsiplərinin və ya hüququn konkret sahələrinə aid prinsiplərin tətbiq edilməsi;
1.0.12. normativ hüquqi aktların kolliziyası — eyni ictimai münasibətləri tənzimləyən qüvvədə olan normativ hüquqi aktların ziddiyyəti (uyğunsuzluğu);
1.0.13. normayaratma fəaliyyəti — normativ hüquqi aktların hazırlanması, ekspertizası, qəbul olunması, onlarda dəyişikliklər edilməsi, onların şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi üzrə fəaliyyət;
1.0.14. normayaratma fəaliyyətinin subyekti — normayaratma fəaliyyətində iştirak edən orqanlar (şəxslər);
1.0.15. qanunvericilik təşəbbüsü — Azərbaycan Respublikası Konstitusiyasının 96-cı maddəsinin I hissəsi ilə müəyyən edilmiş subyekt tərəfindən qanun layihəsinin Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə rəsmən təqdim edilməsi;
1.0.16. normativ hüquqi aktın rəsmiləşdirilməsi — normativ hüquqi aktın səlahiyyətli şəxs tərəfindən imzalanması və Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi;
1.0.17. normayaratma orqanı — normativ hüquqi aktları qəbul etmək səlahiyyətinə malik olan dövlət orqanı;
1.0.18. normayaratma prosesi — dövlət orqanının normativ hüquqi aktların hazırlanması, qəbul olunması və qüvvəyə minməsi üzrə normayaratma fəaliyyəti;
1.0.19. normayaratma texnikası — normativ hüquqi aktların layihələrinin hazırlanması qaydalarının sistemi;
1.0.20. normativ hüquqi aktın açıqlanması — normativ hüquqi aktın rəsmi dövri mətbu nəşrdə dərc edilməsi, digər kütləvi informasiya vasitələrinin və ya başqa mümkün kommunikasiya vasitələrinin köməyi ilə rəsmi yayılması yolu ilə ümumi diqqətə çatdırılması;
1.0.21. lokal normativ hüquqi akt — qüvvəsi bir və ya bir neçə dövlət orqanının çərçivəsi ilə məhdudlaşan normativ hüquqi akt;
1.0.22. texniki normativ hüquqi aktlar — texniki reqlamentlər, bərqərar olmuş təcrübəni əks etdirən texniki məcəllələr, standartlar, o cümlədən Azərbaycan Respublikasının dövlət standartları, sahə standartları, texniki şərtlər, aviasiya qaydaları, zoogigiyena, baytarlıq, baytarlıq-sanitariya normaları və qaydaları, sanitariya normaları və qaydaları, gigiyena normativləri, farmakopeya məqalələri və normaları, yanğın təhlükəsizliyi qaydaları, texniki, sənaye, nüvə və radiasiya təhlükəsizliyinin təmin edilməsi normaları və qaydaları, təhlükəli yüklərin təhlükəsiz daşınması normaları və qaydaları, yerin təkinin qorunması və səmərəli istifadəsi normaları və qaydaları, ixtisaslaşdırılmış məlumat kitabçaları, texniki-iqtisadi məlumatların dövlət təsnifatı, dövlət statistika müşahidələrinin formaları və onların doldurulmasına dair göstərişlər, statistik göstəricilərin formalaşdırılması və hesablanması qaydaları, dövlət statistika müşahidələrinin təşkil edilməsinə və aparılmasına dair təlimatlar, idarə hesabat formaları və onların doldurulmasına dair göstərişlər, daşınmaz maddi tarixi-mədəni dəyərlərin qorunması zonalarının layihələri, Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə texniki normativ hüquqi aktlara aid edilmiş və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulan qaydada təsdiq edilmiş (qüvvəyə minmiş) digər normativ hüquqi aktlar;
1.0.23. normativ hüquqi aktda dəyişikliklərin edilməsi — normativ hüquqi akta onun müddəalarının mətnini dəyişən və ya əlavə normaların daxil edilməsi;
1.0.24. normativ hüquqi aktdan sui-istifadə imkanı — normativ hüquqi aktda korrupsiya təzahürləri üçün şəraitin yaranmasına kömək edən müddəaların mövcudluğu;
1.0.25. diskresion səlahiyyətlər — orqanın (şəxsin) öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətləri;
1.0.26. dispozitiv imkan — orqanın (şəxsin) öz seçimi ilə davranış imkanı;
1.0.27. normativ hüquqi aktın hüquqi qüvvəsi — normativ hüquqi aktın müvafiq ictimai münasibətlərə tətbiqinin məcburiliyini, habelə onun digər normativ hüquqi aktlar barəsində üstünlüyünü və ya tabeliyini müəyyən edən xarakteristika.

Maddə 2. Normativ hüquqi aktlar və onların hüquqi qüvvəsi

2.1. Normativ hüquqi aktların növləri Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsi ilə müəyyən edilir.
2.2. Normativ hüquqi aktların hüquqi qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin II, III, IV, V, VI hissələri və 151-ci maddəsi ilə müəyyən edilir.
2.3. Referendumla qəbul edilmiş akt (bundan sonra — referendum aktı), qanun, fərman və ya digər normativ hüquqi akt Azərbaycan Respublikasının Konstitusiyası ilə ziddiyyət təşkil etdikdə Azərbaycan Respublikasının Konstitusiyası tətbiq edilir.
2.4. Qanun, fərman və ya digər normativ hüquqi akt referendum aktı ilə ziddiyyət təşkil etdikdə referendum aktı tətbiq edilir.
2.5. Azərbaycan Respublikasının Mülki Məcəlləsi mülki hüquq normalarını əks etdirən digər məcəllə və qanunlarla ziddiyyət təşkil etdikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsi tətbiq edilir.
2.6. Fərman və ya digər normativ hüquqi akt qanunla ziddiyyət təşkil etdikdə qanun tətbiq edilir.
2.7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları fərmanla ziddiyyət təşkil etdikdə fərman tətbiq edilir.
2.8. Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə ziddiyyət təşkil etdikdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı tətbiq edilir.
2.9. Nizamnamələrin, əsasnamələrin, təlimatların, reqlamentlərin və qaydaların hüquqi qüvvəsi onları təsdiq edən normativ hüquqi aktın hüquqi qüvvəsi ilə müəyyən edilir.
2.10. Naxçıvan Muxtar Respublikasının dövlət orqanlarının normativ hüquqi aktlarının hüquqi qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 134-cü maddəsinin V hissəsi və Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 49-cu maddəsinin II, III, IV və V hissələri ilə müəyyən edilir.

Maddə 3. Qeyri-normativ hüquqi aktlar və onların hüquqi qüvvəsi

3.1. Konkret (birdəfəlik) təşkilati, nəzarət və ya sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə qəbul edilən və ya digər birdəfəlik tətbiq halları üçün nəzərdə tutulan hüquqi aktlar qeyri-normativ hüquqi aktlar sayılır.
3.2. Qeyri-normativ hüquqi aktlar müvafiq normativ hüquqi akt əsasında qəbul edilməlidir və onun müvafiq normasına istinad etməlidir.
3.3. Qeyri-normativ hüquqi aktlara aşağıdakılar aiddir:
3.3.1. Azərbaycan Respublikası Milli Məclisinin qərarları;
3.3.2. Azərbaycan Respublikası Prezidentinin sərəncamları;
3.3.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamları;
3.3.4. vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını həyata keçirən orqanların aktları;
3.3.5. bu maddənin birinci hissəsinə uyğun olaraq qeyri-normativ hesab edilən digər hüquqi aktlar.

Maddə 4. Normativ xarakterli aktlar və onların hüquqi qüvvəsi

4.1. Azərbaycan Respublikasının normativ xarakterli aktları aşağıdakılardır:
4.1.1. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-7-ci bəndlərinə və IV hissəsinə əsasən qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları;
4.1.2. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarları, təlimatları və izahları;
4.1.3. Azərbaycan Respublikası Mərkəzi Bankının qərarları;
4.1.4. Məhkəmə-Hüquq Şurasının qərarları;
4.1.5. Milli Televiziya və Radio Şurasının qərarları;
4.1.6. yerli özünüidarə orqanlarının qərarları;
4.1.7. yerli icra hakimiyyəti orqanlarının qərarları.
4.2. Normativ xarakterli aktlar onların icra olunmamasına görə məsuliyyət müəyyən edə bilməz.
4.3. Normativ xarakterli aktlar müvafiq normativ hüquqi akt əsasında qəbul edilməlidir və onun müvafiq normasına istinad etməlidir.
4.4. Bu Konstitusiya Qanununun 4.1.1-ci maddəsində nəzərdə tutulan normativ xarakterli aktlar istisna olmaqla, digər normativ xarakterli aktlar Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə ziddiyyət təşkil edə bilməz.

Maddə 5. Bu Konstitusiya Qanununun tətbiq dairəsi

5.1. Bu Konstitusiya Qanunu Azərbaycan Respublikasının, o cümlədən Naxçıvan Muxtar Respublikasının dövlət orqanlarının normativ hüquqi aktlarının hazırlanması, qəbul olunması, rəsmiləşdirilməsi, dərc edilməsi, qüvvədə olması, şərh edilməsi və sistemləşdirilməsi qaydalarını müəyyən edir.
5.2. Bu Konstitusiya Qanunu referendum aktlarının hazırlanması, qüvvədə olması, şərh edilməsi və sistemləşdirilməsi qaydalarına şamil edilir.
5.3. Bu Konstitusiya Qanunu aşağıdakı aktların rəsmiləşdirilməsi, dərc edilməsi, qüvvədə olması, şərh edilməsi və sistemləşdirilməsi qaydalarına şamil edilir:
5.3.1. beynəlxalq müqavilələr;
5.3.2. texniki normativ hüquqi aktlar;
5.3.3. lokal normativ hüquqi aktlar;
5.3.4. normativ xarakterli aktlar.

Maddə 6. Normativ hüquqi aktlar sistemi

Normativ hüquqi aktlar onların iyerarxiyasının müəyyən edilməsi, qarşılıqlı uzlaşdırılması, habelə daxili uzlaşdırma ilə səciyyələnən və ictimai münasibətlərin hüquqi tənzimlənməsini təmin edən Azərbaycan Respublikasının müvafiq qanunlar külliyyatının hazırlanması yolu ilə vahid sistemə salınır.

Maddə 7. Dövlət orqanlarının qəbul etdikləri normativ hüquqi aktlar barəsində hüquq varisliyi

7.1. Normativ hüquqi aktlar qəbul etmək hüququna malik olan dövlət orqanı yenidən təşkil edildikdə onun hüquq varisinə normativ hüquqi aktları qəbul etmək hüququ ilə yanaşı, səlahiyyətləri daxilində, əvvəllər qəbul edilmiş normativ hüquqi aktlarda dəyişikliklər etmək, həmin aktların qüvvəsini dayandırmaq və ləğv edilməsi səlahiyyəti verilir.
7.2. Dövlət orqanı ləğv edildikdə və ya onun hüquq varisi müvafiq normativ hüquqi aktları qəbul etmək hüququna malik olmamaqla yenidən təşkil edildikdə, əvvəllər qəbul edilmiş normativ hüquqi aktlarda dəyişikliklər etmək, həmin aktların qüvvəsini dayandırmaq və ləğv edilməsi səlahiyyəti yuxarı və ya digər dövlət orqanına verilir.
7.3. Müvafiq normativ hüquqi aktları qəbul edən dövlət orqanının statusunun dəyişdirilməsi əvvəllər qəbul edilmiş normativ hüquqi aktların qüvvəsinin itirilməsinə səbəb olmur.
7.4. Dövlət orqanının adı dəyişdirildikdə və ya bu orqan adının dəyişdirilməsinə səbəb olan birləşmə, qoşulma, çevrilmə yolu ilə yenidən təşkil edildikdə, əvvəlki adı əks etdirən normativ hüquqi aktlarda addəyişmə hissəsində dəyişikliklər edilməlidir. Belə dəyişikliklər edilənədək əvvəlki adı əks etdirən normativ hüquqi aktlar adı dəyişdirilmiş (yeni yaradılmış) orqana tam həcmdə şamil olunur.
7.5. Dövlət orqanı bölündükdə və ya ayrıldıqda onun yenidən təşkili haqqında qərarda səlahiyyətlərin aydın bölgüsü nəzərdə tutulmalıdır və həmin qərar hansı normativ hüquqi aktların yeni yaradılmış hansı dövlət orqanlarına hansı həcmdə şamil edilməsini müəyyənləşdirməyə imkan verməlidir. Bu zaman bölünmə və ya ayrılma haqqında qərarı qəbul etmiş dövlət orqanı üç ay müddətində müvafiq normativ hüquqi aktlarda bütün zəruri dəyişikliklər edilməsini təmin etməlidir.

Maddə 8. Normayaratma fəaliyyətinin əsas prinsipləri

8.0. Normayaratma fəaliyyəti Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin I hissəsində göstərilən prinsiplərlə yanaşı, aşağıdakı prinsiplər əsasında həyata keçirilir:
8.0.1. Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluq və qanunların üstünlüyü;
8.0.2. aşağı dövlət orqanlarının aktlarının yuxarı dövlət orqanlarının aktlarına uyğunluğu;
8.0.3. beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarının üstünlüyü;
8.0.4. mütənasiblik;
8.0.5. dövlət orqanlarının vətəndaşlar qarşısında cavabdehliyi;
8.0.6. normayaratma fəaliyyətinin demokratikliyi və şəffaflığı;
8.0.7. normativ hüquqi aktların ziddiyyətsizliyi;
8.0.8. insanların hüquq və azadlıqlarının, onların qanuni maraqlarının müdafiəsi və sosial ədalət;
8.0.9. ictimai münasibətlərin hüquqi tənzimlənməsinin sistemliliyi və kompleksliyi.

Maddə 9. Normayaratma orqanlarının fəaliyyətində aşkarlıq

9.1. Normayaratma orqanlarının fəaliyyətində aşkarlıq aşağıdakı vasitələrlə təmin edilir:
9.1.1. normayaratma orqanlarının fəaliyyəti və onların qəbul etdikləri normativ hüquqi aktlar haqqında fiziki və hüquqi şəxslərin məlumatlandırılması;
9.1.2. normativ hüquqi aktların rəsmi nəşrlərdə, digər kütləvi informasiya vasitələrində dərc edilməsi və ya onların digər üsullarla açıqlanması;
9.1.3. normativ hüquqi aktların layihələrinin normayaratma orqanlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsi.
9.2. Normayaratma orqanının qərarı ilə normativ hüquqi aktın layihəsi açıq (ictimai və ya peşəkar) müzakirəyə çıxarıla bilər.