Etik davranış

 Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin «28» avqust 2007-ci il tarixli 300 №-li Əmri ilə təsdiq edilmişdir

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin dövlət qulluqçularının etik davranış qaydaları haqqında

Ə S A S N A M Ə

«Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin dövlət qulluqçularının etik davranış qaydaları haqqında Əsasnamə» Azərbaycan Respublikası Prezidentinin «Dövlət qulluqçularının etik davranış qaydaları haqqında» Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə» 16 avqust 2007-ci il tarixli, 614 nömrəli Fərmanının 2-ci bəndinin icrasının təmin olunması məqsədi ilə hazırlanmışdır.
Bu Əsasnamə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin mərkəzi aparatının dövlət qulluqçuları üçün etik davranış qaydalarını və prinsiplərini, onlara əməl edilməsi ilə bağlı hüquqi mexanizmlərini, eləcə də sədaqətə, səyə, qərəzsizliyə, aşkarlığa, məsuliyyətə, loyallığa və nəzakətlilik meyarlarına əsaslanan ümumi davranış qaydalarını müəyyən edir.

I. Ümumi müddəalar
1. «Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin dövlət qulluqçularının etik davranış qaydaları haqqında» Əsasnamə (bundan sonra - Əsasnamə) Nazirliyin mərkəzi aparatında çalışan dövlət qulluqçularının (bundan sonra - dövlət qulluqçuları) qanunun aliliyinə, insan hüquqlarına, demokratik prinsiplərə və yüksək etik davranış qaydalarına, eləcə də  «Dövlət qulluqçularının etik davranış qaydaları haqqında» Azərbaycan Respublikasının 31 may 2007-ci il tarixli, 352-IIIQ nömrəli Qanununa əməl olunmasını təmin edir.
2. Bu Əsasnamə dövlət qulluqçuları tərəfindən xidməti vəzifələrin yerinə yetirilməsi zamanı şəffaflığın təmin olunmasını, təsirdən azad olmanı, xidməti şərəfin qorunmasına yönələn xüsusi tədbirlərin görülməsini və ictimai mənafeyin üstünlüyünü təmin etmək məqsədi üçün nəzərdə tutur.
3. Bu Əsasnamə Azərbaycan Respublikasının Konstitusiyasının, Azərbaycan Respublikasının qanunlarının, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarının, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrın, sazişlərın və konvensiyaların müddəalarını pozmamaq şərti ilə, onlara uyğun olaraq hazırlanmışdır.
4. Bu Əsasnamənin müddəaları əsasən etik əhəmiyyət kəsb edir. Bu səviyyədə həmin müddəalara riayət edilməməsi digər hallarda istənilən nəticələrin mümkün olan araşdırılmasına xələl gətirməyən daxili məsələ hesab edilir.

II. Əsasnamənin məqsədi
1. Bu Əsasnamə məqsədi aşağıdakılardan ibarətdir:
1.1. Dövlət qulluqçularının fəaliyyətinin səmərəliliyinin və şəffaflığın artırılması;
1.2. Dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl olunmasının təmin edilməsi;
1.3. Nazirliyin və dövlət qulluqçuların nüfuzunun artırılması;
1.4. Nazirlikdə korrupsiyanın və dövlət qulluqçularının fəaliyyətində maraqların toqquşmasının qarşısının alınması.

III. Xidməti şərəfin, davranışın və peşə nüfuzunun hüquqi tənzimlənməsi.
1. Xidmət şərəfini və peşə nüfuzunu qorumaq məqsədi ilə dövlət qulluqçusu xidməti vəzifələrinin yerinə yetirilməsi ilə bağlı xüsusi maraqlara malik hər hansı bir vətəndaşdan və ya müəssisədən adi nəzakət qaydalarından kənara çıxan heç bir fayda əldə etməməlidir.
2. Dövlət qulluqçusunun xidməti şərəfinin və ya peşə nüfuzunun qorunması, həmçinin xidməti davranışı Azərbaycan Respublikasının Qanunvericili ilə, eləcə də bu Əsasnamə ilə müəyyən olunur.
3. Dövlət qulluqçusunun xidməti davranışı qanunvericiliklə müəyyən olunmuş vəzifə və funksiyaların həyata keçirilməsi ilə əlaqədar fəaliyyətdir.

IV. Vicdanlılıq prinsipi
1. Dövlət qulluqçusu elə davranmalıdır ki, obyektiv olaraq qarşısında duran vəzifələri laiqincə yerinə yetirsin. Bu səbəbdən o, ona etibar edilən tapşırıqların yerinə yetirilməsi çərçivəsində yalnız dövlət və ictimai mənafelərə uyğun hərəkət etməlidir.
2. Dövlət qulluqçusu bütün hallarda hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır.

V. Peşəkarlıq və fərdi məsuliyyət  
1. Dövlət qulluqçusu peşəkar fəaliyyəti və etik davranışı ilə fiziki və hüquqi şəxslərin dövlət orqanlarına inamını və etimadını artırmağa borcludur.
2. Dövlət qulluqçusu yoxlama apardığı və ya rəhbərlik adından qanuni sövdələşmələri şərtləşdirdiyi müvafiq əhəmiyyətli şəxslərlə və ya şirkətlərlə istər birbaşa, istərsə də üçüncü şəxslər vasitəsilə şəxsi məsələlərlə bağlı təmaslara girməkdən, eləcə də Müdafiə Sənayesi Orqanının adına xələl gətirə bilən yerlərdən və şəxslərlə əlaqədən çəkinməlidir.
3. Hər bir dövlət qulluqçusu çalışdığı dövlət orqanına və digər dövlət orqanına aid dövlət sirri təşkil edən məlumatların yayılmasına yol verməməlidir.
 
VI. Loyallıq prinsipi
1. Dövlət qulluqçusu onun özünün və ya başqalarının xidməti fəaliyyətinə aid olan qərar və hərəkətlərə dair ictimaiyyət arasında, əgər buna müvəkkil edilməmişdirsə, öz üzərinə öhdəliklər götürməməli və ya vədlər verməməlidir.
2.  Dövlət qulluqçusu öz vəzifə və səlahiyyətlərinə aid olmayan hallarda, çalışdığı orqanın, başqa dövlət qurumlarının, onların rəhbərlərinin qanunsuz fəaliyyətləri istisna olmaqla digər fəaliyyəti ilə əlaqədar tənqidi ictimai mülahizələrdən, çıxışlardan həmçinin onların fəaliyyətinə dair ictimai rəyin verilməsindən çəkinməli, dövlət qulluğu ilə bağlı xidməti davranışla və vəzifələrin icrası ilə bir araya sığmayan, qanunvericiliklə qadağan olunan hərəkətlərə və etik prinsiplərə zidd olan, eləcə də çalışdığı dövlət orqanını nüfuzdan salacaq hərəkətlərə yol verməməlidir.

VII. İctimai etimad
1. Dövlət qulluqçusu öz etik davranışı ilə Azərbaycan Respublikasının, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin, calışdığı şöbə və ya sektorun, dövlət qulluğunun ictimaiyyət qarşısında nüfuzunu yüksəltməli, öz adını və şərəfini uca tutmalıdır.
2. Vətəndaşlarla xidməti münasibətdə dövlət qulluqçusu həmişə nəzakətli olmalı, bununla belə, lazımi qətiyyət göstərməlidir.
3. Dövlət orqanında tutduğu vəzifədən asılı olmayaraq hər bir dövlət qulluqçusu ictimaiyyət qarşısında çıxışı zamanı dürüstlüyə, şəffaflığa, doruluğa əməl etməlidir.
4. Dövlət qulluqçusu öz ailə üzvlərinə və ya onunla bir yerdə yaşayan digər şəxslərə, yaxud dostlarına münasibətdə belə, ictimai və şəxsi maraqların toqquşduğu hallarda, ictimai mənafeyi üstün tutmalıdır.

VIII. İnsan və vətəndaş hüquqlarına, şərəf və ləyaqətlərinə, eləcə də nüfuzlarına hörmət
1. Dövlət qulluqçuları vətəndaşlardan, müəssisə, idarə və təşkilatlardan daxil olan müraciətlərə vaxtında baxmalı və öz səlahiyyətləri hüdudunda onları vicdanla həll etməlidırlər.
2. Dövlət qulluqçusunun fəaliyyəti insan və vətəndaşlarının hüquq və mənafelərinin müdafiəsinə, onların şərəf və layaqətlərinin uca tutulmasına, hüquqi  şəxslərin işgüzar nüfuzuna zərər gətirəcək hərəkətlərdən və ya hərəkətsizlikdən qorunmağa yönəlməlidir.

IX. Mədəni davranış
1. Dövlət qulluqçusu qəbul etdiyi vətəndaşlarla, çalışdığı dövlət orqanının əməkdaşlari ilə, birbaşa və yuxarı rəhbəri ilə və ya tabeliyində olan digər dövlət qulluqçuları və şəxslərlə münasibətdə xeyirxah, nəzakətli, diqqətli və səbrli olmağa borcludur.

X. Nazirliyin əmr, sərəncam və qərarlarının, eləcə də rəhbərliyin tapşırıqlarının yerinə yetirilməsi
1. Hər bir dövlət qulluqçusu birbaşa və ya yuxarı rəhbərin qanuna uyğun yazılı əmr, sərəncam və şifahi tapşırığını yerinə yetirməyə borcludur.
2. Birbaşa və ya yuxarı rəhbərin yazılı əmr, sərəncam və şifahi tapşırığı mövcud qanunvericiliyə və ya normativ hüquqi aktlara uyğun olmadıqda dövlət qulluqçusu onu icra etməkdən imtina etmək hüququna malikdir. O, əmr, göstəriş və tapşırığın mövcud qanunvericiliyə zidd olduğunu sübut edəcək yazılı əsaslandırmanı ilə birbaşa və ya yuxarı rəhbərə təqdim etməlidir.
3. Dövlət qulluqçusu birbaşa və ya yuxarı rəhbəri tərəfindən verilmiş qanuna zidd olmayan əmr, sərəncam və tapşırığın yerinə yetirilməməsinə, qismən yerinə yetirməsinə və ya vaxtında yerinə yetirməməsinə görə intizam məsuliyyətinə cəlb olunur.

XI. Qərəzsizlik prinsipi
1. Dövlət qulluqçusu vəzifə təlimatı və digər normativ hüquqi aktlarla müəyyən olunmuş vəzifə və funksiyaların icrası zamanı, ona həvalə olunmuş müvafiq tapşırıların yerinə yetirilməsində qərəzsiz davranmalıdır.
2. İrqindən, milliyətindən, dilindən, cinsindən, sosial mənşəyindən, əmlak və qulluq vəziyyətindən, dinə münasibətindən, əqidəsindən, ictimai və ya hər hansı birliyə mənsubiyyətindən asılı olmayaraq dövlət qulluqçusu qərar qəbul edərkən qərəzsiz olmalı və hər bir şəxsə eyni cür yanaşmalıdır.

XII. Dövlət əmlakından səmərəli istifadə edilməsi, həmçinin imtiyazların və ya güzəştlərin əldə edilməsinə yol verilməməsi.
1. Dövlət qulluqçularının təqsiri üzündən dövlət əmlakına dəymiş zərər üçün qanunvericiliklə müəyyən edilmiş qaydada maddi məsuliyyət daşıyırlar. Dövlət qulluqçularının qanunauyğun hərəkətləri nəticəsində dəymiş zərərin əvəzi tam həcmdə dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.
2. Dövlət qulluqçusu çalışdığı orqanın digər əməkdaşlarına müəyyən qərarların qəbul edilməsi naminə hədiyyələr və ya imtiyazlar verməməlidir.
Bu tələb həmçinin bu məsələ üzrə qərar qəbul etmək səlahiyyəti olmayan, lakin bu cür qərar qəbul etməyə təsir göstərmək üçün obyektiv imkanı olanlara da şamil olunur.
3. Dövlət qulluçusu maddi və qeyri-maddi nemətlərin, imtiyaz və güzəştlərin qeyri-qanuni yolla əldə olunmasından və buna bənzər digər əməllərdən çəkinməlidir.

XIII. Korrupsiyaya qarşı mübarizə
1. Fiziki və hüquqi şəxslərlə mülki-hüquqi əqdlərin bağlanması və ya onların icrası zamanı dövlət qulluqçuları tərəfindən xidməti fəaliyyət ilə əlaqədar olaraq hər hansı güzəştlərin və ya imtiyazların əldə edilməsi qadağan olunur.
2. Dövlət qulluqçusunun xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər tələb etməsi, əldə etməsi və ya belə maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin verilməsi ilə bağlı təklifi və ya vədi qəbul etməsi qanuna zidd əməl hesab edilir.
3. Dövlət qulluqçusunun xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar əmanətlərdən (depozitlərdən), qiymətli kağızlardan, rentadan, royaltidən və ya icarədən Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olaraq gəlir götürməsi qadağan olunur.

XIV. Hədiyyələr və sair imtiyazların əldə edilməsinin məhdudlaşdırılması
1. Dövlət qulluqçusu birbaşa və ya dolayı yolla onun öz vəzifələrini yerinə yetirməsinə təsir etmək məqsədi daşıyan təkliflər olduqda, nə özü üçün, nə də digər şəxslərin xeyrinə hədiyyələr və ya imtiyazlar qəbul etməməlidir.
2. Fiziki və hüquqi şəxslərlə mülki-hüquqi əqdlərin bağlanması və ya onların icrası zamanı dövlət qulluqçuları tərəfindən xidməti fəaliyyəti ilə əlaqədar olaraq hər hansı güzəştlərin və ya imtiyazların əldə edilməsi qadağan olunur.

XV. Maraqların toqquşmasının qarşısının alınması
1. Dövlət qulluqçusu çalışdığı dövr ərzində maraqların toqquşmasına yol verməməli, çalışdığı dövlət orqanında xidməti vəzifələri ilə şəxsi maraqları arasında ziddiyət yarandığı halda qanunvericiliklə müəyyən edilmiş qaydada həmin maraqların xarakteri barədə calışdığı müəssisənin rəhbərliyinə məlumat verməlidir.
2. Dövlət qulluqçusu maraqların toqquşmasına dair qanunvericilikdə nəzərdə tutulmuş digər işlərin yerinə yetirilməsi üçün müvafiq tədbirlər həyata keçirməlidir.

XVI. Dövlət əmlakından səmərəli istifadə
1. Dövlət qulluqçusu çalışdığı dövlət orqanı tərəfindən ona xidməti zərurətlə əlaqədar olaraq həvalə olunmuş dövlət əmlakından qənaətlə və səmərəli istifadə etməlidir.
2. Dövlət qulluqçusunun xidməti istifadəsinə verilmiş kompyüterdən, xidməti avtomobildən, rabitə və komunikasiya vasitələrindən, maliyyə vəsaitindən və digər maddi-texniki təchizat vasitələrindən şəxsi və ya xidməti vəzifələrinin icrası ilə əlaqədar olmayan digər məqsədlər üçün istifadə etməsi qadağan olunur.

XVII. Dövlət orqanına aid məlumatların istifadəsi
1. Dövlət qulluqçusunun şəxsi maraqları naminə çalışdığı və ya bilavasitə tabeliyində olan dövlət orqanlarına aid məlumatlardan istifadə etməsi qadağan olunur.
2. Dövlət qulluqçusu xidməti fəaliyyətlə əlaqədar olaraq hər hansı məlumatı mövcud qanunvericiliklə müəyyən olunmuş qaydada əldə etməyə borcludur.
3. Qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla digər hallarda dövlət orqanının sərəncamında olan məlumatlar dövlət qulluqçusu tərəfindən yayılmamalı və bunun qarşısının alınması üçün müvafiq qaydada tədbir görülməlidir.

XVIII. Dövlət qulluqçusunun ictimai və siyası fəaliyyəti
1. Dövlət qulluqçusuna «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa və bu qanunun icrasından irəli gələn digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət orqanında içtimai və siyasi birliklər yaratmaq, dini təşkilatlar təşkil etmək, yaratmaq və yaxud onun təşkil olunmasına yardım etmək, eləcə də ona rəhbərlik etmək qadağandır.
2. Dövlət qulluqçusu tutduğu vəzifədən və qulluq mövqeyindən istifadə edərək tabeliyindəki digər dövlət qulluqçularını dini mərasimlərdə istirak etməyə, ictimai və siyasi birliklərə üzv olmağı onların fəaliyyətində fəal olmağa və bu mövqedən olan mərasimlərdə iştirak etməyə təhrik etməməlidir.

XIX. Digər fəaliyyətin həyata keçirilməsi
1. Dövlət qulluqçusu bu Əsasnamədə nəzərdə tutulan qadağalara və uyğunsuzluqlara münasibətdə aşağıdakı fəaliyyətlər üzrə, hətta təmənnasız belə, öz üzərinə öhdəlik götürməməlidir:

          a) onun xidməti vəzifələrinin lazımınca yerinə yetirilməsinə maneçilik törədən;
          b) xidməti vəzifələrinin yerinə yetirilməsi üçün zəruri olan və ya lazımi vaxt tələb edən fiziki və əqli enerjidən tam istifadəyə mənfi təsir göstərə bilən.

XX. Aşkarlıq haqqında
1. Qohumlarının və ya onunla bir yerdə yaşayan digər şəxslərin, yaxud dostlarının işlədiyi müəssisələrdə yoxlama aparılması, yaxud onlardan hesabatların qəbul edilməsi tapşırıldığını aldığı halda, dövlət qulluqçusu yoxlama və ya hesabat obyektinin dəyişdirilməsi məqsədilə rəhbərliyə məlumat verməlidir.
2. Dövlət qulluqçusu onun özünün və ya digər əməkdaşların xidməti vəziyyətinə təsir göstərə bilən birbaşa və ya dolayısı qərarlar və ya müdaxilələrdən çəkinməlidir.

XXI. Məsuliyyət
1. Hər bir dövlət qulluqçusu müvafiq qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş iş saatlarında öz iş yerində olmalıdır. İşə geçikmək, işdən vaxtından tez getmək, iş vaxtı işə aidiyyatı olmayan digər məsələlərlə məşğul olmaq qəti qadağandır və bu müvafiq qanunvericiliyə uyğun intizam məsuliyyətinə səbəb olur.
2. Dövlət qulluqçusu tərəfindən Azərbaycan Respublikasının «Dövlət qulluğu haqqında» Qanununda və bu qanunun icrasından irəli gələn digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş qaydalara əməl edilməməsi, qanunda başqa qayda nəzərdə tutulmayıbsa intizam məsuliyyətinə cəlb olunmasına əsasdır.
3. Dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb olunması mövcud qanunvericiliklə müəyyən olunmuş qaydada və müddətdə həyata keçirilir.